Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-04 17:03:00
“Hamiləlik və hicab səbəbləri ilə müəllimləri müsahibədən kəsirlər”-Daimiləşdirilmə müsabiqəsindən narazılıq

 

“7 ay müəllim kimi çalışan  şəxslər bu qədər müddət sonra hamiləlik və hicab geyinmə səbəbi əsas gətirilərək müsahibədən kəsilirlər”

 

Müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsilə bağlı çox sayda narazılıq və şikayətlər var.

 

Namizədlərin əksəriyyəti müsahibə mərhələsində heç bir əsaslı səbəb göstərilmədən kəsildiklərini bildirirlər.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elşən Qafarov da çox sayda şikayətin olduğunu bildirərək, namizədlərin kəsilməsində əsas iki səbəbin olduğunu qeyd edib:

 

“Müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsindən ciddi narazılıqlar var. Bir çox namizəd əsassız olaraq bu mərhələdən kəsildiyini bildirir. Bu mərhələdə kəsilən qadın namizədlərin əksəriyyəti səbəb kimi onların hicablı, yaxud ana olmağa hazırlaşmasının göstərildiyini qeyd edir. Məsələ burasındadır ki, həmin şəxslər hələ 2021-ci ilin Müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanıblar və 7 aydır ki, məktəblərdə çalışırlar. 7 ay müəllim kimi çalışan bu şəxslər bu qədər müddət sonra hamiləlik və hicab geyinmə səbəbi əsas gətirilərək müsahibədən kəsilir. Bəziləri isə heç bir səbəb göstərilmədən kəsildiklərini bildirirlər”.

 

Ekspert bu səbəblərlə namizədlərin müsahibə mərhələsindən kəsilməsinin cəmiyyətə qarşı bir addım  olduğunu bildirib:

 

“Əmək Məcəlləsində konkret göstərilir ki, hamiləlik və ya 3 yaşınadək uşağın olması səbəbilə qadınla əmək müqaviləsinin bağlanılmasından imtina yolverilməzdir. Onların bəziləri artıq 7 aydır ki, müəllim kimi çalışırlar. Hətta bəziləri isə 3-4 il müddətli müqavilə ilə çalışanlardır. Düşünürəm ki, hamiləlik səbəbilə müsahibədən kəsilmə çox gülünc bir şeydir, həmçinin cəmiyyətimizə qarşı tərbiyəsizlikdir. İlk olaraq elə bu müsahibənin özü absurddur. İmtahan keçirilib, 7 aydır bu şəxs çalışır və bu qədər müddət sonra hamiləlik, hicab geyinmə səbəbilə əmək müqaviləsi bağlamaqdan imtina edilir. Hər kəs fiziki baxımdan eyni görünüşə malik deyil. Ən gülünc tərəfi də budur ki, müəyyən qədər kilolu xanım namizədlər də hamilə bilinərək, heç bir əsas göstərilmədən müsahibədən kəsiliblər. Hətta kəsilənlər arasında uzun don geyindiyi üçün hamilə bilinərək kəsilənlər də var. Təsəvvür edin, müsahibə suallarına cavab verən insanlar heç bir əsaslı səbəb göstərilmədən bu mərhələdə kəsilir”.

 

Ekspert apellyasiyaya müraciət edən şikayətçilərin haqsızlıqla üzləşdiyini qeyd edib:

 

“İkinci bir səbəbin də hicab olduğu bildirilir. Hicab tamamilə qara niqab deyil ki, hicab geyinən qadınlar arasında çox pozitiv görünənlər var. Onlar da kəsilib. Bu mərhələdən kəsilənlər apellyasiyaya müraciət ediblər. Apellyasiyanın mahiyyəti odur ki, şikayət araşdırılsın, şikayətçinin müsahibə mərhələsinbdəki videolar dinlənilsin. Nəticədə şikayətçinin haqlı olduğu ortaya çıxarsa, heç bir qanuni əsas göstərilmədən müsahibədən kəsildiyi görülərsə, həmin şəxs avtomatik müsahibədən keçmiş sayılır. Əgər şikayət əsassız görülübsə, o zaman apellyasiyanın nəticəsi rəsmi şəkildə məktubla həmin şəxsə göndərilir və o bu məktub vasitəsilə narazılığını bildirmək üçün məhkəməyə müraciət edə bilir. Ancaq şikayətçilər apellyasiyaya müraciət ediblər, kimin tanışı varsa keçib, tanışı olmayan isə tapşırıqla yenidən kəsilib”.

 

O, həmin namizədlərdən bir neçəsini nümunə olaraq göstərib:

 

“Onlar arasında Gəncədən olan bir xanım müəllim var, Cəliləbadın ucqar dağ kəndinə ailəsilə birlikdə işləməyə yollanıb. Ona yalan danışdığı, Cəliləbadda həmin məktəbə getmədiyi, Gəncədə yaşadığı deyilib. Əgər doğurdan belə bir şey varsa, bu qanun pozuntusudur və buna yol verən də məktəb direktorudur, demək ki, direktorun fəaliyyətinə nəzarət olunmur. Ancaq həmin müəllim işlədiyi məktəbi və kəndi videolentə alıb göstərir ki, həqiqətən orada yaşayır və çalışır.

 

Başqa bir şikayət isə imtahanda 47 bal toplayaraq Lerikin Xanəgah adlı ucqar kəndində çalışan gənc qadın müəllimdəndir. O da heç bir səbəb göstərilmədən müsahibə mərhələsindən kəsildiyini bildirir.

 

Həyat yoldaşı hərbiçi olan və müsahibədən kəsilən müəllim var. Bu şəxs 50-dən çox bal toplayıb, 7 aydan çoxdur məktəbdə müəllimə kimi çalışır və heç bir səbəb göstərilmədən müsahibə mərhələsində kəsilir”.

 

Ekspert bu tip addımların Nazirliyin adına xələl gətirdiyini vurğulayıb:

 

“Müsahibə komissiyası hansı əsaslarla bu müsahibəni keçirərək, müəllimləri kəsib? Həmçinin apellyasiya komissiyasının fəaliyyətilə bağlı da qanunsuzluq var. Bu tip qeyri-ciddi addımlar həm Təhsil Nazirliyinin, həm də dövlətin adına xələl gətirə bilir, nəticədə sosial narazılıqların artdığı müşahidə olunur. Müsahibə komissiyasının sədrləri olan məktəb direktorları, yaxud da rayon təhsil şöbələrinin rəhbərlərinin bu qərarları hansı əsaslarla vermələri maraqlıdır”.

 

O, bu kimi halların əvvəllər də müşahidə edildiyini qeyd edərək, bu istiqamətdə atılmalı olan addımları nəzərə çatdırıb:

 

“2015-2016-cı illərdə Təhsil Nazirliyində 21 komissiya fəaliyyət göstərirdi. Mən o komissiyalardan birinin rəhbəri idim. Həmin zamanlarda da bizə göstəriş verilirdi ki, ana olmağa hazırlaşan və hicab geyinan xanım namizədlər kəsilsin, halbuki, bu qeyri-qanunidir. Hər şey bir yana, kəsilənlər arasında bu səbəblərin göstərilmədiyi digər xanım, bəy namizədlər də var. Hətta imtahanda 59 ballıq nəticə göstərən bir namizəd belə bu mərhələdə kəsilib. Düşünürəm ki, Təhsil Nazirliyi bu şəxsləri qəbul etməli və şikayətlərini araşdırmalıdır. Təkcə mənim tanıdığım 120-ə yaxın belə şəxs var”.

QEYD: Azedu.az bu barədə qarşı tərəfin fikirlərini əks etdirməyə, həmçinin, anoloji problemlə üzləşən müəllimlərin problemlərini işıqlandırmağa hazırdır.