http://www.position.az/ https://www.zirve.edu.az/
2022-04-06 09:39:00
DİM narazı abituriyentlərə müraciət etdi

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri aprelin 1-də elan olunub və Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib.

 

 

 

DİM-dən  Azedu.az-a verilən xəbərə görə, 6 aprel saat 09:15-ə olan məlumata əsasən, imtahanda iştirak etmiş 47213 nəfərdən 34965 nəfər öz nəticələrinə (topladığı bala) baxıb. Cavab vərəqlərinə (verilən tapşırıqlara hansı cavabı yazdığına) isə cəmi 20457 nəfər baxıb. Şagirdlərin, onların valideynlərinin, həmçinin müəllimlərinin nəzərinə çatdırırıq ki, imtahan nəticələrinə, cavab vərəqlərinə və qiymətləndirmə meyarlarına (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) şagirdə məxsus səhifədə baxmaq mümkündür.

 

 

 

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər üçün aprelin 4-dən etibarən elektron ərizə qəbuluna başlanılıb. Lakin təcrübə göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20-25%-i ümumiyyətlə öz cavabı ilə mümkün doğru cavabları müqayisə edib qiymətləndirmə meyarları ilə tanış olmadan komissiyaya müraciət edirlər. İmtahan iştirakçısı Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl DİM-in saytında, yuxarıda qeyd olunan müvafiq məlumatlarla öz səhifəsində tanış olmalıdır. Yalnız bundan sonra onun hər hansı müraciəti olarsa, ərizə təqdim etməlidir.

 

 

 

Ərizə qəbulu apelyasiya.dim.gov.az saytı vasitəsilə ödənişsiz aparılır. Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən istifadə etməklə sistemə daxil olurlar. Müraciət proseduru çox sadədir və bir neçə dəqiqəyə müvafiq formanı doldurmaq mümkündür. Bir məsələni də qeyd edək ki, son günlər sosial şəbəkələrin monitorinqi göstərir ki, müəyyən şəxslər ödəniş müqabilində bu prosesi həyata keçirmək üçün elan verir və şagirdlərin yerinə ərizə doldurmağı təklif edirlər. Bəzi ərizələrə baxdıqda apellyasiyanın mahiyyətinə uyğun olmayan qeydlərin olduğunu müşahidə etmək mümkündür. Ona görə də, şagirdlərə bir daha tövsiyə edirik ki, ərizə formasını doldurmağı hər hansı kənar bir şəxsə həvalə etməsinlər və bu prosesi yalnız özləri həyata keçirsinlər. Sistemə bir neçə lazımi məlumatı daxil etməklə ərizə qəbulunu tamamlamaq olar.