Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-11 09:50:00
Dövlət büdcəsinin 10 faizini təhsilə sərf edən ölkə - Braziliya təhsilinin ÖZƏLLİKLƏRİ 

AzEdu.az xarici ölkələrin təhsil sistemləri  barədə yazıları davam  etdirir.  Bu dəfəki yazıda Braziliya təhsilinin özəllikləri  haqda maraqlı məlumatlara yer veriləcək.

Cənubi Amerikanın ən böyük ölkəsi olan Braziliyanın rəsmi dili portuqal dilidir. Ölkənin təhsil tarixinə nəzər saldıqda  burada təhsillə bağlı  bir sıra mühüm hadisələrə rast gəlmək olar. Braziliyada dövlət büdcəsinin 10%-i təhsil xərclərinə sərf olunur. Dövlət universitetləri dövlət büdcəsindən maliyyələşir və ölkə vətəndaşları üçün ali təhsil pulsuzdur.

Braziliya Federativ Respublikasında təhsil sistemi məktəbəqədər təhsil, ibtidai, əsas, orta  təhsil və ali təhsil  pillələrindən ibarətdir. Məktəbəqədər və ibtidai təhsil bələdiyyələr, orta təhsil bələdiyyə və ştatlar, universitetlər isə federal hökumət tərəfindən maliyyələşdirilir.Braziliyada təhsil ili hər il fevral ayında başlayıb noyabra kimi davam edir.

Ölkənin məktəblərində təlim dili portuqal dilidir. Əvvəllər xarici dil kimi yalnız ingilis dili tədris olunurdu. Son vaxtlar ingilis dili ilə yanaşı, ispan dili də xarici dil kimi tədris olunmağa başlayıb.

Braziliyada həm dövlət, həm də xüsusi ali təhsil müəssisələri var. Ölkədə 973 ali tədris müəssisəsi və 153 universitet fəaliyyət göstərir.  Braziliyada universitetlərin təhsil müddəti 4 ildir. Ölkədə ilk universitet 1920-ci ildə yaradılan Rio-de-Janeyro Universitetidir. Rio-de-Janeyro Universiteti Latın Amerikasında ən yaxşı ali təhsil müəssisəsi hesab edilir.

Dünyanın ən yaxşı təhsil verən 500 universiteti arasında Braziliyanın 5 universiteti də yer alıb.

Ölkədə hər büdcəyə uyğun universitet tapmaq mümkündür. Braziliya universitetləri ingilis dilində tədris proqramlarını təklif  edir. Ancaq Braziliyada portuqaliya dilini  bilmək vacibdir çünki təhsildən kənar bütün fəallıq yerli dildədir. Braziliyanın bəzi universitetlərində  əcnəbi tələbələr üçün portuqal dilindən hazırlıq proqramları mövcuddur.

Qeyd edək ki, Braziliyada səviyyəsindən asılı olmayaraq, bütün dövlət müəssisələrində təhsil pulsuzdur.

Günel YAŞARQIZI