Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-19 17:03:00
Pedaqoji Universitetdə "20 Yanvar - Qan yaddaşımız" mövzusunda tədbir keçirilib

 

 

Yanvarın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə universitet rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müvafiq strukturların rəhbərləri, müəllim və tələbələr iştirak ediblər.

Tədbir Vətən yolunda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs xatirələrinin yad edilməsi ilə başladı.

Mərkəzin əməkdaşı Aytən Daşdəmirovanın giriş sözündən sonra rektor professor Cəfər Cəfərov geniş nitq söylədi. Natiq bildirib ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə keçmiş ittifaq qoşunları Bakı şəhərinə yeridilmiş, eləcə də təkcə  Bakıda deyil,  Azərbaycanın bölgələrində də  xalqımıza qarşı böyük qırğınlar törədilərək mübarizə əzmimiz qırılmağa çalışılmışdır. Lakin informasiya blokadası şəraitində Azərbaycan xalqını ekstremist qüvvə adlandıran  Qorbaçov rejiminə dünyanın  tam dəstək verdiyi kritik bir vaxtda ümummilli lider Heydər Əliyev həyatını təhlükəyə ataraq Moskvadan bəyanatla çıxış elədi və 20 Yanvar hadisələrinə ilk dürüst siyasi qiyməti verdi. Azərbaycan xalqı öz müstəqilliyini qazandı və müstəqilliyin qazanılması üçün şəhid olan övladlarının xatirəsini tarixə qızıl hərflərlə həkk etdi. H.Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Milli Məclisi bu hadisələri hüquqi qiymət verdi, bu gün ümumxalq hüzn günü kimi qeyd olunmağa başlandı. Bu Azərbaycan güclü dövlətdir. Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin komandanlığı altında Azərbaycan öz torpaqlarınını düşmən işğalından azad elədi.

Daha sonra baş müəllim Taleh Cəfərovun "20 Yanvar hadisələri - müstəqilliyə gedən yolda dönüş nöqtəsi kimi", professor Əyyub Kərimovun "20 Yanvar faciəsinə verilən hüquqi-siyasi qiymət" mövzularında məruzələri dinlənilib. Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov 20 Yanvar faciəsində şəhid olan alimlərlə bağlı xatirələrini bölüşüb.

Tədbirdə 20 Yanvar hadisələrinə aid videoçarx nümayiş olunub. Universitetin tələbə xorunun ifasında mərhum bəstəkarımız Nailə Mirməmmədlinin Baba Vəziroğlunun sözlərinə bəstələdiyi "Qələbə marşı" təqdim olunub, aktiv tələbələrdən Röya Qurbanova Bəxtiyar Vahabzadənin "Şəhidlər" poemasından bir parça səsləndirib.

 

ADPU-nun mətbuat katibi Cavid Hüseynov