Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-12 12:47:00
“Küçədən gətirib kimisə psixoloq qoymaq olmaz ki?!”- Məktəblərimizdəki “ögey” ştat

 

 

“Qüsurlar cəmiyyətdə olduğu  kimi məktəblərdə də baş verir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti, professor  Şahlar Əsgərov  deyib.

 

Belə ki, son günlər məktəblərdə neqativ və şiddət doğuran olaylar müşahidə edilməkdədir. Bu da təhsil müəssisələrində çalışan psixoloqların fəaliyyətini gündəmə gətirir.

 

Şahlar Əsgərov məktəb psixoloqlarının fəaliyyətinə münasibət bildirib:

 

“Həyatın bütün sahələrində psixoloqlara ehtiyac var. Xüsusən də, insanların təhsil aldığı məktəblərdə onlar hökmən çalışmalıdır. Psixoloq məktəbdə olan bir çox qüsurları üzə çıxaran şəxsdir. O, sahəsinə yaxından bələd olub, onun dərinliklərini bilməlidir. Küçədən gətirib kimisə psixoloq qoymaq olmaz ki?! Ona görə də o, müəyyən təhsilə yiyələnməlidir. Həmçinin, təhsildən xəbərdar olub, proqramları mənimsəməlidir. Məktəblərdə lazım olan pedaqoqlardan biri də psixoloqlardır. Sovet dönəmində məktəblərdə bu işçilərə ehtiyac yox idi. Sonra isə biz dünyaya açılaraq, yeni quruluşda yaşamağa başladıq. Məlum oldu ki, bizə də psixoloq lazımdır.

 

Cəmiyyətimizin  çox böyük hissəsi məktəblə əlaqəlidir. Burada baş verən hadisələri nəzarətdə saxlamaq üçün müxtəlif dövlət orqanları yaradılıb. Onlara misal olaraq, prokurorluq, polis idarələri və s göstərilə bilər. Cəmiyyətdə qüsurların baş vermə ehtimalı olmasaydı, dövlət bu qurumları yaratmazdı. Məktəb də cəmiyyətin bir hissədir. Baş verənlər məktəblə deyil, cəmiyyətlə əlaqəli problemlərdir. Burada təhsil müəssisələrində qəbahət axtarmaq və onu günahlandırmaq  əhəmiyyətli deyil. Cəmiyyətdə baş verən hadisələrin bir hissəsi də məktəblərdə təzahür edir. Bu cəmiyyətin problemi olduğu üçün ona önəmli səviyyədə baxmaq lazımdır. Məktəb olmasa belə, yenə də bu proseslər baş verəcəkdi. Ona görə də məktəbi cəmiyyətdən ayrılmış şəkildə götürməyin əleyhinəyəm. Heç bir cəmiyyət özündən yaxşı məktəb yarada bilməz. Bu tip qüsurlar cəmiyyətdə də baş verdiyi kimi məktəblərdə də baş verir. Çalışaq ki, bu kimi hallarla qarşılaşmayaq”.

 

Qeyd edək ki, son bir həftədə Bakı məktəblərinin ikisində şiddət doğuran hallar qeydə alınıb. Bir direktor iki şagirdə şiddət göstərib, bir məktəbli isə  sinif yoldaşını bıçaqlayıb.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları