http://azeduacademy.com/az/categories/41 http://www.position.az/ https://www.zirve.edu.az/
2022-01-15 13:05:00
Ali təhsildə sovet mirasının yaratdığı çətinliklər, hansı universitet daha yenilikçidir?- Mütəxəssislərdən sərt TƏNQİD

 

Təhsildə vacib və aparıcı mövzulardan biri də ali təhsil sisteminin müasir dövrün tələblərinə cavab verməsidir.

 

Dünya universitetlərində daimi yeniliyin, dövrə uyğun sürətli dəyişikliklərin şahidi oluruq. Bununla paralel olaraq baş verən dəyişikliklərin Azərbaycan ali təhsil müəssisələrinin hamısını əhatə etmədiyi müşahidə edilir. Tədris sistemində, xüsusi ilə ali təhsil müəssisələrinin idarə forması və fəaliyyətində sovet mirasının qaldığını demək mümkündür.  

 

Son günlər bu mövzuya xüsusi ilə Azərbaycan Dövlət iqtisad Universitetinin rektoru Ədalət Muradov diqqət çəkərək, öz təhlil və müşahidələrini bildirir.

 

Maraqldır, belə olan halda daha çox hansı universitetlərimizin idarəçilik formasında sovet mirası daha çox müşahidə olunur?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan ictimai-siyasi xadim, professor  Şahlar Əsgərov universitet sistemində yenilikçiliyin əsasən rəhbərliyin fəaliyyətindən asılı olduğunu vurğulayıb:

 

“Hansı rektor yenilikçi, daim yeniliyə açıq, köhnə fənləri, tədrisi yeni forma ilə əvəz edirsə, deməli orada sovet mirası yoxdur. Amma hansı universitetin səsi-küyü gəlmirsə, passivdirsə, deməli orada hələ də bu sistem mövcuddur. Ali təhsil müəssisəsində bu mirasın, köhnə idarəçilik formasının qalmaması üçün rektoru yenilikçi bir şəxs olmalıdır. Köhnə düşüncə ilə yeni universitet, idarəçilik yaratmaq çətindir”.

 

Professor ali təhsildə zəruri olan yeniliklərə diqqət çəkib:

 

“Mən təhsil Nazirliyi yanında İctimai Şurada fəaliyyət göstərən zaman “XXI əsrin universitetlıri necə olmalıdır?” mövzusunda 2 saatlıq vebinarımız olmuşdu. Vebinarda UNEC rektoru Ədalət Muradov, AzTU rektoru Vilayət Vəliyev və digər hörmətli rektorlar çıxış edərək, hər kəs öz yanaşmasını ortaya qoymuşdu. Müəyyən yanaşma ortaya qoymaq, fikir irəli sürmək üçün cəmiyyətə, dövrə baxmaq lazımdır, dövr sürətlə dəyişir. Belə sürətlə dəyişən bir dövrdə köhnə proqramlar neçə il dəyişə bilər? Nitəcə olaraq bu proqramlar da sürətlə dəyişməlidir. Köhnə ixtisaslar sıradan çıxır, sıraya yeni ixtisaslar daxil olur. Bunun üçün yeni ixtisasların proqramlarını hazırlayıb təsdiq etmək lazımdır. Ənənəvidən distant tədrisə keçidin zəruriliyi diqqət mərkəzində saxlanılmalıdır, yeni laboratoriyalar qurulmalıdır. Şübhəsiz ki, idarəetmədə də yeniliklər olmalıdır”.

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov AzEdu.az-a açıqlamasında ali təhsildə olan problemlərdən, bəzi məzunların əmək bazarı ilə ayaqlaşa bilməməsi məsələsinin səbəblərindən söz açıb:

 

“Azərbaycan universitetlərinin idarə edilməsində köhnə tədris proqramlarından istifadə olunması, ümumilikdə təhsilin məzmununun yenilənməməsi, digər tərəfdən dərsliklərlə bağlı olan problemlər kifayət qədər çoxdur. Çox az sayda  universitetlərimiz var ki, onlar özlərinin yeni dərsliklərini, tədris proqramlarını formalaşdıra biliblər. Əlbəttə universitetlərin demək olar ki, hamısında tədris proqramları formalaşıb. Amma onlardan çox azı günün tələblərinə cavab verə biləcək. Məsələn, ADA, Bakı Ali Neft Məktəbi, UNEC və s.  kimi universitetləri nümunə göstərmək olar. Amma təəssüf ki, böyük əksəriyyətində köhnə tədris proqramları, müasir tələblərə cavab verməyən dərsliklər, eyni zamanda universitetlərin pedoqoji heyyətinin yeni tələblərə cavab verməməsi kimi məsələlər həllini tapmayıb. Təsadüfi deyil ki, artıq həmin ali təhsil müəssisələrinin məzunları əmək bazarında çox böyük çətinliklərlə üzləşirlər. Halbuki, bu gün Azərbaycan əmək bazarında kifayət qədər işçiyə tələbat var. Düşünürəm ki, burada ali təhsil müəssisəninin rəhbərliyindən də çox şey asılıdır”.

 

Sədr ali təhsil müəssisələrində pedaqoji kadr çatşmazlığı və universitetlərin beynəlxalq rəqabətlilik qabiliyyətindən danışıb:

 

“Eyni zamanda ali təhsil müəssisələrinin yeniliyə açıq olması məsələsi, orada kontingentin yenilənməsi çox vacibdir. Amma elə universitetlər var ki, orada bunları etmək çətindir. Çünki o istiqamətdə kadrlar yoxdur, yəni pedaqoji kadr çatışmazlığı var. Hansı ki, bu proqramları, dərslikləri, məzmunu onlar tətbiq etməlidirlər. Əlbəttə ki, hansısa xarici bir universitetdən kopyalamaq da mümkün deyil. Ona görə də düşünürəm ki, bu istiqamətdə ali təhsil müəssisələri öz üzərlərində ciddi işləməlidirlər və yeniliklərə açıq olmalıdırlar. Əslində  bir çox müsbət nümanələr var, amma çox təəssüf ki, yetərli deyil. Bu səbəblədir ki, bizim ali təhsil müəssisələrimizin beynəlxalq rəqabət qabiliyyətliliyi, rəqabətə davamlılığı məsələsi xeyli problemdir. Əslində burada universitetlərə muxtariyyətin verilməsi məsələsi də özünü göstərir. “Ali təhsil haqqında” qanun layihəsi hələ ki, parlamentdə qəbul olunmayıb. Ammm düşünürəm ki, ali təhsil müəssisələrinə muxtariyyətin verilməsi burada öz sözünü deyə bilər”.

 

Gənc alim universitetin fəaliyyətinin tənzimlənməsində rəhbərin rolunun vacibliyini vurğularaq, universitetlərin fəaliyyətini dəyərləndirib:

 

“Eyni zamanda universitet idarə edən şəxsdən də çox şey asılıdır. Məsələn, bu yaxınlarda Bakı Ali Neft Məkətbinin 10 illik yubileyində  iştirak etdim. Həqiqətən də görürük ki, rəhbər çox şey deməyə əsas verir. Əlbəttə, universitetin maliyyə tutumluluğu məsələsi də burada öz sözünü deyir. Ali təhsil müəssisələrinə ayrılan maliyyə vəsaitinin azlığı da problemlər yaradır,bunu da qəbul etmək lazımdır. Amma bizim xeyli sayda yaxşı, yenilikçi universitet rəhbərlərimiz var. Bu region universitetlərində də müşahidə olunur. Nümunə olaraq Mingəçevir Dövlət Universitetinin çox gənc və potensiallı rektoru var. Ümüd edirəm ki, region universiteti olaraq MDU-nun siamsının yaxın zamanlarda dəyişməsini görəcəyik. Həmçinin Lənkəran Dövlət Universitetinin rektoru da yenilikçidir, orada bir çox yeniliklər təqdim olunub. Paytaxt universitetlərindən Azərbaycan Texniki Universitetinin rəhbərliyində çox müasir və yenilikçi bir ali təhsil müəssisənin rəhbəri obrazı var, yeniliklərə açıqdır. Dünya ali təhsil sistemində gedən prosesləri yaxından izləyir və onları tətbiq etmək gücündədir”.

 

Onu da qeyd etmək lazımdır ki, bütün universitetlərimizdə belə rektorlar yoxdur. Məsələn, Azərbaycanda ali təhsilin flaqmanı ola biləcək universitetlər var. Hansı ki, onların ənənləri var, yeniliklərlə ayaqlaşmaqda çətinlik çəkirlər: “Dünyada elmi texniki tərəqqi, təhsildə inkişaf çox sürətlidir. Bizim sürətimiz də bu inkişafla ayaqlaşmaqda geri qalır, bu məsələlər həqiqətən də həllini gözləyən məsələlərdir. Ölkə başçısı hər zaman siyasi rəhbərlik səviyyəsində mövzunu diqqət mərkəzində saxlayır, yeniliklərə önəm verilir”.

 

Fəlsəfə doktoru universitetlərin dövlət proqramı məzunlarını özlərinə cəlb edə bilmədiklərini qeyd edib:

 

"Təsadüfi deyil ki, ali təhsil müəssisələrində rəqabət qabiliyyətlilihyinin artırılması üçün dövlət proqramı qəbul olundu. Gənclər doktorantura təhsili almaq üçün xaricə göndərilir, onların xərcləri dövlət hesabına ödənilir.Artıq xaricdə təhsil üzrə dövlət proqramı hazırlanır. Hansı ki, bu proqramlarda biz çox sayda yaxşı kadrlar formalaşdıra bildik, amma sonrakı mərhələdə ali təhsil müəssisələri özlərinə cəlb edə bilmədilər. Halbuki, onları özün cəlb edib doktorantura təhsili vermək, yetişdirmək olardı. Bir dəfə universitet rektorlarından birinə “18 ildir rektorsuz, bu illər ərzində xaricdə təhsil alması üçün neçə doktorant göndərmisiz?”,məlum oldu ki, heç bir nəfə belə göndərməyib. Hər şeyə pul tapılır, ancaq kadr hazırlığı üçün pul tapılmır mı?”

 

Son olaraq o, -“Bunlar həm də onu göstərir ki, universitetin inkişafı üçün yaxşı rəhbərdən çox şey asılıdır. Təhsilin inkişafı həm də ölkənin inkişafı deməkdir. Kifayət qədər ali təhsil müəssisələrimiz var ki, onlar gözləntiləri doğrultmurlar və tələblərə cavab vermirlər”-deyə qeyd edib.