https://www.zirve.edu.az/ #
2021-11-27 17:10:00
Mustafa Babanlının adından paylaşılan fikirlər haqda açıqlama verilib

“Mən bakalavriat səviyyəsində əyani təhsil alan tələbənin işləməsinin əleyhinəyəm. ADNSU-da dərs yükü ağırdır. Amma yox, siz işləyirsinizsə, deməli elə də ağır deyil. Mən artıq bir neçə tələbənin işləməsi ilə bağlı statistikanı götürmüşəm. Ona uyğun da dərs yükünü biraz da ağırlaşdıraram”. 

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlının adından paylaşılan bu fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər tərəfindən rektorun olduğu bildirilən bu fikirlər birmənalı qarşılanmayıb. 

 

Universitetin İctimaiətlə Əlaqələr Departamentinin direktoru Bəhruz Nəzərov saytımıza bildirib ki, bu paylaşım təhrif olunub: “Azərbaycanda ali məktəblərin tədris proqramları Təhsil Nazirliyi tərəfindən tərtib olunur. Onları istədiyi kimi dəyişdirmək, ağırlaşdırmaq və yaxud da yüngülləşdirmək mümkün deyil. Bundan başqa Azərbaycan qanunvericiliyinə görə əyani formatda tədris alan tələbə tam ştat formada işləyə bilməz. Bu, qadağandır”. 
 

Bu açıqlamanın M.Babanlı tərəfindən verilib-verilmədiyi haqda sualı isə Bəhruz Nəzərov belə cavablayıb: “Bizdə açıq mikrafon günləri olur. Bir yarım ildə iki dəfə keçirilir. Birincisi oktyabr ayında olmuşdu. Təxminən bir ay öncə. Ola bilsin ki, bu fikir də orada səslənib. Əslində o çıxışında deyib ki, qanunla tələbənin tam ştat işləməsi qadağandır. Tələbə “Part Time” işləyə bilər. Amma bir şərtlə ki, bu, onun tədrisinə mane olmamalı, problem yaratmamalıdır.

 

Bundan başqa qeyd edib ki, əlbəttə, hər il tədris proqramları Təhsil Nazirliyi ilə müzakirə olunaraq yenilənir. Müasir dünyanın tədrisi ilə uyğunlaşmaq üzrə işlər gedir. Məsələn, əvvəllər bizim universitetlərdə təhsil alan tələbələr magistr təhsili üçün xarici ölkələrə gedəndə görürdülər ki, uyğun deyil. İndi bütün bunlar dünya standartlarına uyğun olaraq təkmilləşdirilir. Bu təkmilləşmə tələbələrin istəyinə uyğun olaraq davam etdirilir”.

 

QAFQAZINFO