https://www.zirve.edu.az/ #
2021-10-18 13:00:00
Peşə məktəblərinin rəhbər şəxslərinin Türkiyəyə təlim-təcrübə səfəri yekunlaşıb

Peşə təhsili müəssisələrinin idarəetməsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə seçilmiş 15 peşə məktəbinin rəhbər şəxslərinin Türkiyəyə ikihəftəlik təlim və təcrübə səfəri yekunlaşıb.

 

Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təlim səfərinin sonuncu günündə iştirakçılar Sultanəhməd Peşə və Texniki Anadolu Liseyində olublar. Təhsil müəssisəsinin rəhbəri Yusif Atılqan ilə görüş keçirilib. Daha sonra məktəbin İKT, elektrik, qrafik və fotoqrafiya, mebel və daxili məkan sahələri üzrə istehsalat təlim otaqları, emalatxanalarla tanışlıq olub. Təlim günü çərçivəsində İstanbul Milli Təhsil İdarəsinin müdir müavini Məhmət Nəzir Eryarsoy ilə keçirilən görüş zamanı həm Azərbaycan, həm də Türkiyənin peşə təhsil sistemi ilə bağlı müzakirələr aparılıb.

 

Təlim iştirakçıları Cağaloğlu Milli Türk Sənətləri Peşə və Texniki Anadolu Liseyinə də baş çəkiblər. Direktor Əminə Erdönmez ilə keçirilən görüşdə ənənəvi türk sənətləri ixtisası üzrə emalatxana və istehsalat təlim otaqlarına baxış keçirilib.

 

Yekunda İstanbul Milli Təhsil İdarəsi tərəfindən Sabancı Müəllim Evində bağlanış mərasimi təşkil olunub. Mərasimdə Milli Təhsil İdarəsinin nümayəndələri, təlim səfəri zamanı ziyarət edilən peşə məktəblərinin müdirləri iştirak ediblər. Sonda proqram iştirakçılarına sertifikat verilib.

 

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair protokol” çərçivəsində Bakı və müxtəlif regionları təmsil edən peşə məktəblərinin 15 rəhbər şəxsi iki həftə ərzində Türkiyədə təlim-təcrübə səfərində olublar. Əsas məqsədi peşə təhsili müəssisələrinin idarəedilməsində Türkiyənin qabaqcıl təcrübəsinin öyrənilməsi olan səfərdə onlar müxtəlif istiqamətlər üzrə təlimlərə qatılıblar.