https://www.zirve.edu.az/ #
2021-10-11 12:48:00
Təhsil haqqında qanuna edilən yeni dəyişiklər-DİQQƏT  

Azərbaycanda "Təhsil haqqında" qanuna dəyişiklik edilir. Belə ki, peşə təhsilinin inkişafı istiqamətinində və gənclərin bu sahəyə cəlb olunması üçün bir sıra qərarlar qəbul edilib.

 

AzEdu.az həmin qərarları təqdim edir:

 

Azərbaycanda 17 kollec publik hüquqi şəxs statusu alıb:

 

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən digər 17 orta ixtisas təhsili müəssisəsinin (Ağcabədi Pedaqoji Kolleci, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci, Ağdam Musiqi Kolleci, Ağdaş Dövlət Humanitar Kolleci, Astara Pedaqoji Kolleci, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, Qazax Dövlət Sosial-İqtisadi Kolleci, Quba Dövlət Sosial-İqtisadi Kolleci, Masallı Dövlət Regional Kolleci, Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci, Şamaxı Dövlət Regional Kolleci, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Şuşa Humanitar Kolleci, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci) publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili ilə əlaqədar Nazirlər Kabinetinin qeyd olunan qərarı qəbul edilib.

 

Belə ki, onlara ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olmağa və biznes maraqlarına xidmət etməyə icazə veriləcək.

 

Azərbaycanda peşə təhsili haqqında dövlət sənədi ilə universitetə daxil olmaq mümkün olacaq:

 

Belə ki, yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində universitetə daxil olmaq üçün əsas sayılır.

 

Azərbaycanda peşə məktəblərində tədris kredit sistemi ilə təşkil ediləcək:

 

Yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)  kredit sistemi ilə təşkil olunacaq.

 

Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.

 

Peşə məktəblərinin məzunlarının topladıqları kreditlər universitetlərdə nəzərə alınacaq:

 

Yeni bəndə əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaq.

 

 

Yüksək texniki peşə təhsilini bitirən şəxslərə subbakalavr ixtisas dərəcəsi veriləcək:

 

Yüksək texniki peşə təhsilini bitirən şəxslərə orta ixtisas təhsili pilləsini (kollec) bitirən şəxslərə bərabər tutulan subbakalavr ixtisas dərəcəsi veriləcək.

 

Azərbaycanda peşə təhsili alanlara attestat da veriləcək:

 

Dəyişikliyə əsasən, peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ da veriləcək.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları