https://www.zirve.edu.az/ #
2021-09-18 11:02:00
“Media və təhsil dialoqu” təlimi yekunlaşıb

Sentyabrın 17-də Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil edilən "Media və təhsil dialoqu" adlı maarifləndirici təlim öz işini yekunlaşdırıb.

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimin ilk günü Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Yeni tədris ilində nəzərdə tutulan fəaliyyətlər”, nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Tədrisdə məzmun yenilikləri”, Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov “Yeni tədris ilinə hazırlıq”, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Elçin Abıyev “Təhsil Nazirliyinin elektron xidmətləri”, Vətəndaşların müraciətlərinə baxılması sektorunun müdiri Səbuhi Rzayev “Portal.edu.az”, “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov “STEAM layihəsi”, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilufər Rəhimova “Rəqəmsal bacarıqlar yeni tədris ilində”, İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli “Müəllimlərin işə qəbulu müsabiqəsi”, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Bakı məktəblərinin yeni tədris ilinə hazırlığı” mövzuları ilə bağlı təqdimatlarını diqqətə çatdırıblar.

Təlimin ikinci günü Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “Pandemiya dövründə təhsilin inkişafı və əlçatanlığı istiqamətində həyata keçirilən tədbirlər”, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov “Azərbaycan gəncləri üçün xaricdə keyfiyyətli təhsil”, 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Dövlət Proqramı üzrə xaricdə doktorantura təhsili”, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov “Yeni tədris ili öncəsi kommunikasiya”, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması”, “Məktəblərdə inspeksiyaların aparılması”, Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri”, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rəhbəri İlahə Rəsulova “İcma əsaslı məktəbəqədər təhsil layihəsi üzrə yeniliklər”, “Məktəblinin dostu” layihəsinin əməkdaşı Səməd Rzazadə “Məktəblinin dostu” layihəsi 2021-2022-ci tədris ilində” mövzularında təqdimatlarla çıxışlar ediblər.

Qeyd edək ki, təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.