https://www.zirve.edu.az/ #
2021-08-18 14:00:00
Ödənişli təhsil məzuniyyətindən kimlər yararlana bilər?-RƏSMİ    

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri müvafiq hallarda təhsil məzuniyyətlərindən istifadə etməkdir. Ödənişli məzuniyyətlərin bir növü hesab edilən təhsil məzuniyyətləri işləməklə yanaşı təhsil alan işçilərə verilir.

 

Ödənişli təhsil məzuniyyətlərinin verilməsi qaydaları Əmək Məcəlləsi ilə tənzimlənir. Məzuniyyət müddətində işçiyə Əmək Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əmək haqqı ödənilir.

 

AzEdu.az Əmək  Məcəlləsinə əsasən, ödənişli təhsil məzuniyyətlərinin verilmə qaydalarını təqdim edir :

 

 a) müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;
b) dövlət imtahanlarını vermək üçün;
c) diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.

 

 Məzuniyyətin müddəti qanunvericilikdə işçinin hansı təhsil müəssisəsində oxumasından və məzuniyyətin hansı məqsədlə verilməsindən asılı olaraq müəyyən edilib.

 

 Təhsil məzuniyyətlərinin müddətləri:

 

 Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.

 

Ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir.

 

Diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir.

 

Peşə təhsili müəssisələrində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü müddətində məzuniyyət verilir.

 

Ümumtəhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir.

 

İstehsalatdan ayrılmadan magistraturada və doktoranturada təhsil alan işçilərin hər il 31 təqvim günü müddətində ödənişli məzuniyyət almaq hüququ vardır.

 

Qeyd olunan məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə istifadə olunmalıdır. Həmin məzuniyyətlərdən istifadə oluna bilməsi üçün təhsil müəssisəsinin verdiyi arayış tələb olunur.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları