https://www.zirve.edu.az/ #
2021-07-08 09:12:00
“Düzgün qərarın hikməti” və “Təhsilimiz: dünəndən sabaha” kitablarının təqdimatı keçirilib  

İyulun 7-də Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərovun “Düzgün qərarın hikməti” və Əməkdar müəllim Asif Cahangirovun “Təhsilimiz: dünəndən sabaha” kitablarının təqdimat mərasimi keçirilib.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, mərasimdə çıxış edən nazir müavini Firudin Qurbanov hər iki müəllifin təhsil sahəsindəki xüsusi rolundan söz açıb.

 

Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov müəlliflərin Azərbaycanda elmi-pedaqoji fikrin formalaşmasında əvəzsiz fəaliyyətlərinin olmasını qeyd edib.

 

Tədbirdə çıxış edən Şahlar Əsgərov “Düzgün qərarın hikməti” kitabında ictimai həyatla və təhsillə bağlı mühüm məqalələrin toplandığını bildirib. Əməkdar müəllim Asif Cahangirov da çıxışında yeni yazdığı “Təhsilimiz: dünəndən sabaha” adlı kitabda təhsil problemləri və islahatlar mövzusuna toxunduğunu deyib.

 

Təqdimat mərasimində təhsil nazirinin müşaviri Elnur Nəsibov, Milli Məclisin deputatı Etibar Əliyev, ARTİ-nin direktor müavini Ənvər Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva və digər qonaqlar çıxış edərək hər iki kitabın müasir Azərbaycan təhsilinin inkişafına və islahatların sürətlənməsinə töhfə olduğunu vurğulayıblar.