https://www.zirve.edu.az/ #
2021-06-27 12:30:00
Bakı Dövlət Universitetinin dosenti vəfat etdi  

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının dosenti, tarix elmləri namizədi İlham Mazanlı vəfat edib.

AzEdu.az-ın məlumatına görə, bu barədə BDU-nun müəllimi Pərvanə İbrahimli bildirib.

İlham Mazanlı 1956-cı il fevral ayının 11-də Qərbi Azərbaycanda – Göyçə mahalının Cil kəndində anadan olub.

1963-1973-cü illərdə Cil kənd orta məktəbində oxuyub. 1973-1978-ci illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb.

1988-1991-ci illərdə Rusiya Prezidenti yaninda Dövlət Qulluğu Akademiyasının kütləvi informasiya vasitələri kafedrası üzrə aspiranturasında oxuyub. 1991-ci il mayın 30-da Moskva şəhərində "Mətbuat millətlərarası münasibətlərin təkmilləşdirilməsi amili kimi" mövzusnda namizədlik dissertasiyası müdafiə edib, tarix elmləri namizədidir.

1978-1986-cı illərdə Bakı Ali Partiya Məktəbində metodist, dövlət və hakimiyyət quruculuğu kafedrasında elmi işçi, kafedra metodik kabinetinin müdiri vəzifələrində çalışıb
Burada işlədiyi illərdə (1982-1986) Azəbaycan Televiziyasında gənclər üçün ictimai-siyasi mövzuda özünün müəllif verilişlərini aparıb, respublikada efirə ilk canlı çıxan müəllif-aparıcılardan biridir.

1986-1988-ci illərdə Azərbaycan KP MK-nın elmi-nəzəri "Azərbaycan kommunisti” jurnalında təbliğat şöbəsinin müdiri işləyib.

1991-1995-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politologiya kafedrasının baş müəllimi olub.

1995-cı ildə (mart-noyabr) Gənclər və İdman Nazirliyi Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib.

1996-2001-cı illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti strukturuda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası İşçi qrupu rəhbərinin müavini, Qaçqınlarla və məcburi köçkünlərlə iş şöbəsi müdirinin müavini – Beynəlxalq humantar təşkilatlarla iş bölməsinin müdiri vəzifələrində çalışıb.

2001-2011-cı illərdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi Miqrasiya İformasiya Mərkəzinin direktoru vəzifəsində işləyib.

2003-cü ildən Bakı Dövlət Universiteti beynəlxalq jurnalistika kafedrasının dosenti idi.
Jurnalistikanın aktual problemlərinə aid 300-ədək elmi-nəzəri məqalənin və 5 kitabın müəllifidir.

Evli idi, üç övladı var.

Allah rəhmət eləsin…