Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-25 18:12:00
Müəllimlərdən örnək davranış:"Dərs vəsaitləri şəhid və qazi ailələrinə pulsuz paylanılacaq"(FOTO)

II Qarabağ müharibəsi bir müddətdir bitsə də dövlət səviyyəsindən başlayaraq adi vətəndaşlarımıza qədər şəhid ailələrinə, qazilərimizə diqqət davam edir. Prezident İlham Əliyevin bir qrup II Qarabağ müharibəsi iştitakçısına yenidən fəxri adların verilməsi buna ən bariz nümunədir. 26 iyun Milli Ordumuzun yaranmasına özəl verilən bu təltiflər hərbçilərimizin ikiqat bayramına səbəb oldu. Bu baxımdan yeni dərs ilinə hazırlıqla bağlı olaraq Abşeron rayonunun müəllimlərindən də şəhid və qazi ailələrinə yönəlik xeyirxah bir layihəyə start verilib.

Abşeron rayonu Ceyranbatan qəsəbə1 saylı tam orta məktəbin tarix müəllimi Cahid İmanov və Göradil kənd tam orta məktəbinin tarix müəllimi Ramil Mirzəzadə Tarix fənnindən ümumi dəyəri 2050 manat olan, müəllifi olduqları 200 dərs və test vəsaitini təmənnasız olaraq şəhid və qazi ailələrinə verməyi qərara alıblar. Nəzərdə tutulan kitablara tələbat olarsa müəlliflər eyni sayda əlavə kitab paylamağı da planlaşdırıblar. Nəzərə çatdırırıq ki, paketə Azərbaycan tarixindən test və vəsait cütlüyü daxildir.

Kitabları əvvəlcə Bakı şəhəri 28 mayda yerləşən Kitab.evim.az dükanından əldə etmək mümkün olacaq. Bölgələrdə bu işi həyata keçirtmək üçün tərəfdaş kitab satışı dükanlarına ehtiyac duyulur. Qeyd edək ki, 6 metodik vəsait və testin müəllifi Cahid İmanovun qısa zaman öncə zəfər tariximizə aid respublikada ilk test toplusu da nəşr olunub. Diqqət çəkən məqamlardan biri də odur ki, test toplusunda 44 günlük müharibədə daim Azərbaycanın yanında olan Türkiyə jurnalisti Fülya Öztürkə aid test onun özünü də duyğulandırıb. Belə ki, Fülya Öztürk bu testi "İnstaqram" hesabından paylaşaraq kövrəldiyini yazıb.

 

Müəllimlərə şəhid və qazilərimizə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirik.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları