https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-06-16 16:08:00
Şəhidin adı ilə bağlı müsabiqə 20 sonra yenidən keçirilib  

20 il öncə Azərbaycanın ucqar kənd məktəblərindən biri- Balakən rayonu, Yeni Şərif kənd tam orta məktəbində məktəbin adını daşıyan I Qarabağ müharibəsi şəhidi Rauf Hədisov adına təqaüd müsabiqəsi keçirilib. Təqaüd müsabiqəsi qaliblərinə mükafatla yanaşı, üzərində şəhid Rauf Hədisovun adı olan döş nişanları da təqdim olunub.

 

Üzərindən 20 il keçməsinə baxmayaraq, həmin təqaüd müsabiqəsinin qalib məzunları bu döş nişanlarını xatirə kimi saxlayıb, illər sonra təqaüd müsabiqəsinin yenidən təşkil edilməsinə təşəbbüs və maliyyə dəstəyi göstəriblər.

 

Yeni Şərif tam orta məktəbi məzunlarının təşəbbüsü, məktəbin rəhbərliyi və kollektivinin təşkilatçılığı, kənd bələdiyyəsinin dəstəyi ilə 2021-ci ilin iyun ayında Rauf Hədisov adına təqaüd müsabiqəsi yenidən keçirilib.

 

Müsabiqənin yenidən canlandırılmasında məqsəd şəhidlərin xatirəsini əbədilik yaşatmaq, şagirdlərdə vətənpərvərlik hisslərini artırmaqdır.

 

Müsabiqəyə 5-11-ci siniflər arasında təhsil göstəriciləri yüksək olan 66 könüllü şagird qatılıb. Təqaüd müsabiqəsinin qalibləri Son Zəng tədbiri başa çatdıqdan sonra elan edilib. 21 nəfər müsabiqənin qalibi olub və onlara təqaüd müsabiqəsinin qaydalarına uyğun şəkildə I, II, III dərəcəli diplom, I Qarabağ şəhidi Rauf Hədisovun fotosunun əks olunduğu döş nişanı və pul mükafatı təqdim olunub.

 

Tədbirdə R.Hədisov adına təqaüd proqramının rəhbəri, 2005-ci ildə Qabaqcıl Təhsil İşçisi fəxri adına layiq görülmüş, 2015-ci ildə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuş Tinov Bağmanov, şəhid Rauf Hədisovun həyat yoldaşı Mesed Papaxova, məktəb kollektivi və keçmiş məzunlar, kənd bələdiyyəsinin nümayəndəsi iştirak ediblər.