Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-12 13:33:00
DİM beynəlxalq imtahanlar üzrə məlumat sessiyasına qeydiyyat elan edir  

Dövlət İmtahan Mərkəzi (DİM) “ETS Global” təşkilatı və “EducationUSA” ilə birgə “TOEFL iBT® Test and GRE® General Test” barədə iyunun 22-də “Zoom” platforması üzərindən ingilis dilində məlumat sessiyası keçirəcək.

DİM-dən bildirilib ki, “The TOEFL iBT®” (Test of English as a Foreign Language) ingilis dili səviyyəsini qiymətləndirən beynəlxalq imtahanlardan biri olmaqla namizədin ingilis dilini akademik səviyyədə necə anladığını və ünsiyyətdə olma bacarıqlarını qiymətləndirir. GRE (Graduate Record Examinations) imtahanı isə dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsili almaq üçün tələb olunur və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir. DİM Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service, ETS) rəsmi test mərkəzi olaraq son vaxtlarda tələbələrin bu imtahanlara göstərdiyi istək və tələblərini nəzərə alaraq “ETS Global” təşkilatı və “EducationUSA” ilə birlikdə məlumat sessiyası təşkil edir.

Tədbirin spikeri “ETS Global” təşkilatının nümayəndəsi Yasemin Arşin sessiya ərzində “TOEFL iBT®” və “GRE®” imtahanlarından uğurla keçmək üçün məsləhət verəcək, tələbələri imtahana ödənişsiz hazırlıq resursları, nümunə test sualları ilə tanış edəcək və iştirakçıların suallarını cavablandıracaq.

Sessiya “Zoom” platforması üzərindən ingilis dilində keçiriləcək. Tədbirdə iştirak etmək istəyən şəxslər DİM-in saytında yerləşdirilmiş linkdən istifadə edərək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki iyunun 21-dək aktiv olacaq. Sessiyaya qoşulmaq üçün “Zoom” linki elektron poçtla tədbirdən bir gün öncə göndəriləcək.