https://www.zirve.edu.az/
05.03.2018 12:48
Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində regionlarda fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin rəhbərləri üçün “Məktəbdənkənar təhsil müəssisələrində idarəetmə və işin təşkili” mövzusunda respublika konfransı keçirilib.

Nazirlikdən AzEDU-ya bildirilib ki, konfrans uşaq-gənclər inkişaf mərkəzləri ilə işgüzar münasibətlərin qurulması, əlaqələrin möhkəmləndirilməsi və iş fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə təşkil olunub.

Üç gün davam edən konfransda Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova, Təhsil İnstitutunun şöbə müdiri Piralı Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı Laçın Həsənova, uşaq-gənclər inkişaf mərkəzlərinin rəhbərləri və nümayəndələri təqdimatla çıxış ediblər.

Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimləri tərəfindən “açıq dərs”lər və “ustad dərsləri” təqdim olunub.

Konfrans Azərbaycan Dövlət Rus Dram Teatrında 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivlərinin hazırladığı “Dostluq nağılı” adlı teatrlaşdırılmış konsert proqramı ilə başa çatıb.