Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-08 10:17:00
Onlayn seminar: İslam moda industriyasında yeni trendlər və perspektivlər

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, UNEC Dizayn Məktəbi və İslam Maliyyə Mərkəzinin təşkilatçılığı ilə “İslam moda industriyası: yeni trendlər və perspektivlər” mövzusunda beynəlxalq onlayn seminar keçirilib.

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib. Bildirilib ki, UNEC İslam Maliyyə Mərkəzinin rəhbəri professor Zahid Məmmədov mövzunun aktuallığına və hamı tərəfindən maraqla qarşılanmasına diqqət çəkərək, bu mövzuda kitabın və jurnalın nəşr olunması barədə fikirlərini bölüşüb.

Seminarın moderatoru UNEC Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova İslam moda industriyasının son zamanlar sürətlə inkişaf etməsini dünyanın İslam dininə artan dəyərinin göstəricisi kimi qəbul olunduğunu qeyd edib.
Dizayn kafedrasının müdiri dosent Elfanə Qasımova “Müsəlman geyimindəki rəng simvolizmi və rəng üstünlükləri” mövzusunda təqdimatla çıxış edərək, müqəddəs Qurani-Kərimdə həkk olunan surə və hədislərə istinad olaraq rənglərin xüsusiyyətlərindən, onların geyim mədəniyyətinə inteqrasiyasından danışıb. Müsəlman əhalisi üçün libas hazırlayarkən dizaynerlərin, ilk növbədə, bu gün ən çox tələb olunan və xalqın bədii irsi ilə genetik cəhətdən əlaqəli olan rənglərə üstünlük verdiklərini iştirakçıların diqqətinə çatdırıb.

Kiyev Milli Texnologiya və Dizayn Universitetinin doktorantı Elnarə İsgəndərova “Ukrayna mədəniyyəti kontekstində İslam modası” mövzusunda hazırladığı təqdimatda geyimin insan şəxsiyyətini təyin edən əsas amil olduğunu vurğulayıb. Hər bir cəmiyyətin, xüsusən də İslam aləminin özünəməxsus geyim adətləri olduğunu və bunlara riayət edilməsinin vacibliyini bildirib.

 

Birləşmiş Krallıq, Kiyev Milli Texnologiya və Dizayn Universitetinin əməkdaşı Katerina Kriçlou “Müasir Birləşmiş Krallıq kontekstində İslam dəbi” mövzusunda təqdimatla çıxış edərək bildirib ki, artıq məşhur brendlər İslam dininin qadınları üçün inanılmaz dərəcədə gözəl geyimlər yaradır. Bu, xanımların dəbli görünmələrini və öz üslublarına sahib olmalarını təmin edir. Onun sözlərinə görə, Londonda İslam modası kontekstində keçirilən moda nümayişləri islami yaşam tərzinin və hicablı geyimdən istifadənin genişlənməsinə təsir edəcək.
Daha sonra Dizayn kafedrasının müəllimi Nərminə Namazova “Müsəlman aləmində dəbin formalaşması” mövzusunda təqdimatla çıxış edərək hər bir xalqın əsrlərboyu formalaşan adət və ənənələri, orijinal və təkrarolunmaz geyim tərzi olduğunu bildirib. Həmçinin qeyd edib ki, geyimin biçimi, ornamenti və detalları hər bir xalqın fərdi xüsusiyyətlərini, inanclarını əks etdirir. İslam dininə görə qadın geyimlərinin şəriət qaydalarına uyğun olması vacibdir.

UNEC İslam Maliyyə Mərkəzinin tədqiqatçısı Əfqan Musayev “İslam moda industriyasının inkişafında İslam maliyyəsinin rolu” mövzusunda təqdimatla çıxış edərək bildirib ki, Azərbaycanın ixracyönümlü istehsalının təşkili üçün ilk növbədə ixrac oluna biləcək ölkələrin bazarlarının öyrənilməsi vacibdir. Bu baxımdan İslam ölkələrində daxili moda tələbatının öyrənilməsi mühüm istiqamətdir.

Seminar iştirakçıları Hümeyra Hüseynova, Aqşin Hüseynov islami qadın geyimlərinin üslubundan və özünəməxsus tərzindən danışaraq, islam dəbinin dünyada bir çox şeyi dəyişdirmək potensialına malik olduğunu qeyd ediblər.

Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova seminarda səsləndirilən təkliflər barədə fikirlərini bildirib.

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, məruzəçilər tərəfindən seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.