Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-19 12:45:00
Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat başlanıb  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 16-da inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək. İmtahanda iştirak üçün qeydiyyat mayın 14-ü saat 10:00-dək davam edəcək.

 

DİM-dən AzEdu.az-a  bildirilib ki, imtahan Mərkəzin Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binada keçiriləcək.

 

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet” yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları DİM-in saytında verilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

 

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

 

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub-olmadığını “Elektron hökumət” portalından DİM-in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə öyrənə bilərlər.

 

Namizədlərin e-kabinetdə qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına qeydiyyatdan keçmək barədə “Bildiriş”, “Namizədin yaddaş kitabçası” göndərilir. DİM-lə yazışmaların operativliyinin təmin edilməsi üçün namizədin öz elektron poçtdan istifadə etməsi tövsiyə olunur. Qeydiyyatdan keçmək barədə bildiriş gəlmədiyi halda “Spam” qovluğunu yoxlamaq, həmin qovluqda bildiriş olmadıqda DİM-in 1653 “Çağrı mərkəzi”nə zəng edib bu barədə məlumat vermək lazımdır.

 

Namizədlərin qeydiyyatdan keçməzdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün DİM-in saytında müvafiq linklərdən istifadə etmələri tövsiyə olunur.