https://www.zirve.edu.az/
2021-03-05 14:36:00
“Xaricdə təhsil almaq fərqli təcrübədir” - Dövlət Proqramı İştirakçısı  

Cəmilə Bayramova: “Düşünürəm ki, Dövlət Proqramı iştirakçılarının Azərbaycana gətirəcəkləri yeni elmi yeniliklər ölkəmizdə böyük inkişafa səbəb olacaq”

 

Müasir dövrdə  hər bir ölkənin davamlı inkişafında ali təhsilin müstəsna rolu danılmazdır. Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz ali təhsil  hər ölkənin  davamlı inkişafının başlıca  hərəkətverici qüvvəsi  hesab olunur. Buna görə də son illər dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində mühüm qərarlar qəbul olunub. Ölkə başçısı İlham Əliyev tərəfindən 2018-ci ilin noyabrında imzalanmış “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı  ali təhsil sahəsində qəbul olunan mühüm qərarlardan biri kimi göstərmək olar.  Növbəti müsahibimiz hazırda  uğurla icra olunan Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili  alan  Cəmilə Bayramovadır. 

 

Tanıtım. 1993-cü ildə Qazax rayonu, Yuxarı Salahlı kəndində anadan olub. 1999-cu ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd orta məktəbində ibtidai təhsilinə başlayıb. 2010-cu ildə  Bakıdakı  Vüqar Əvəzov adına 300 nömrəli tam  orta məktəbi bitirib. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsində təhsil alıb.  2015-ci ildə  Azərbaycan Milli Elmlər Akademiyası Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistratura təhsilinə başlayıb və 2017-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurub.  Hazırda  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində “Xərçəngin genetikası” ixtisası üzrə İstanbul Universitetində doktorantura  təhsilini davam etdirir.

 

- 2019-2023-cü illər üzrə  Dövlət Proqramı (DP) çərçivəsində təhsil alırsınız. Yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında  DP-nin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Əlbəttə ki, yüksək qiymətləndirirəm. Dövlət Proqramı bizlərə bir çox imkanlar təqdim edir. Bunlardan birincisi yerli ali təhsil müəssisələri (ATM)  ilə sıx əməkdaşlığın təmin edilməsidir.

Düşünürəm ki, bizlər, dünyanın bir sıra ölkələrindəki tədqiqat mərkəzlərində əldə etdiyimiz bilik və bacarıqları ölkəmizə gətirdiyimiz, Azərbaycanda elm, təhsil, texnologiyanın inkişafına təkan verdiyimiz halda məqsədimizə çatacağıq.

Bu baxımdan yerli  ali təhsil müəssisələri ilə  əməkdaşlığın bizim təhsil müddətimizdən etibarən qurulması olduqca əhəmiyyətlidir. Eyni zamanda, bu, Azərbaycan elminin dünyaya inteqrasiyası üçün də körpü rolu oynayacaqdır. Bundan başqa, DP müxtəlif ixtisas sahələrində fəaliyyət göstərən tələbələri əhatə edir, eyni və ya oxşar ixtisasa sahib, lakin fərqli tədqiqat mərkəzlərində çalışan tələbələrin bir-biri ilə əlaqə qurmasına, öz təcrübələrini bölüşməsinə imkan yaradır.

 

- Azərbaycanlı gənclərin xaricdə təhsil almaq istəklərini nə ilə izah edirsiniz? Dövlətin bu sahədə dəstəyi barədə nə deyərdiniz?

- Fikrimcə, bu istək sadəcə azərbaycanlı gənclərə məxsus deyil. Dünya təcrübəsində də, təhsil, səhiyyə, texnologiya, hərbi və s. istənilən peşə sahəsində bu, çox rast gəlinən və təbii bir haldır. Xüsusilə elm sahəsində dünyada elə bir mərkəz yoxdur ki, orada bütün mövcud elmi yeniliklərin hamısı ilə tanış olmaq, onları mənimsəmək mümkün olsun. Nəticədə təbii olaraq, elmi yenilikləri yaxından izləmək üçün müxtəlif ölkələrdə, tədqiqat mərkəzlərində mütəmadi olaraq ezamiyyələrdə, “workshop”larda, kurslarda olmaq ehtiyacı yaranır. Amma xaricdə təhsil almaq bir qədər daha fərqli təcrübədir. Bizlər bu haqda qərar verərkən, Azərbaycanda hazırda olmayan və ya zəif inkişaf etmiş elmi istiqamətləri seçmişik. Bu isə bizlərə, həmin ixtisas sahəsi üzrə möhkəm elmi baza yaratmağa və inkişaf etdirməyə imkan verir.

 

Dövlətin bu sahədə dəstəyi şübhəsiz olduqca əhəmiyyətlidir. Ümummilli lider Heydər Əliyevin sözləri ilə ifadə etsək “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Bu gün Azərbaycanın güclü iqtisadiyyatının, hərbi texnikasının, neft və qeyri-neft sahəsinin inkişafı bu sahələrdə çalışan yüksək ixtisaslı, savadlı kadrların sayəsindədir. Belə yüksək ixtisaslı kadrların yetişdirilməsi isə  ibtidai sinifdən başlayaraq gənc nəslin maariflənməsinə, elmi bilik-bacarıqlarının artırılmasına, inkişafına şərait yaratmaqla mümkün olur. Dövlətin bu sahədə diqqətini, qayğısını və bunun müsbət nəticəsini görmüşük və görməkdə davam edəcəyik. Dövlət Proqramının təsis edilməsi dövlətin elmin inkişafında maraqlı olduğunun, gənclərə qarşı olan maddi və mənəvi dəstəyin  növbəti göstəricisidir.

 

- Sizcə, DP-nin də əsas hədəflərindən olan yüksək rəqabətli mütəxəssislər hansı meyarlara cavab verməlidir?

- Düşünürəm ki, istənilən peşə sahibi öz işini sevməli, onu böyük  məsuliyyətlə yerinə yetirməlidir. Eyni zamanda işində “ən yaxşısı” olmağa çalışmalıdır. Biz bəzən “rəqabət” sözünü yanlış şərh edirik. Rəqabət yalnız özünü təkmilləşdirmək, bilik və bacarıqlarını artırmaq, vəzifəsini ən yaxşı şəkildə və vicdanla yerinə yetirməyə çalışmaqla olmalıdır.

Bizlər yüksək  ixtisaslı mütəxəssislər ola  bilərik, amma öncəliyimiz vətənimizin, xalqımızın inkişafı olmalıdır. Bütün peşə sahiblərinin əsas amalı ailəsinə, vətəninə və millətinə xidmət etmək olmalıdır. Bunu etdiyimiz halda öz borcumuzu yerinə yetirmiş olarıq.

 

- İxtisasınız və tədqiqat mövzunuz barədə nə deyə bilərsiniz, nələri araşdırmaq istərdiniz?

- Təhsilimi davam etdirdiyim “Xərçəngin genetikası” ixtisası olduqca əhəmiyyətlidir. Belə ki, bu istiqamətdəki tədqiqatlar sadəcə xərçəngin effektiv müalicəsinə yönəlməyib, eyni zamanda, xərçəng xəstəliyinin erkən dövrdə aşkarlanmasını hədəfləyir. Xərçəngin genetik xəstəlik olduğunu nəzərə alsaq, ailədə bir və ya bir neçə xərçəng xəstəliyindən əziyyət çəkən şəxslərin olması digər sağlam ailə fərdlərində və dünyaya gələcək yeni nəsildə xərçəngin müşahidə olunma ehtimalını artırır. Xərçəng xəstəliyinin genetikasının öyrənilməsi, məhz bu şəxslərdə, xərçəng xəstəliyini meydana gəlmədən öncə aşkarlamağa və profilaktik tədbirlər almağa imkan verir. Bu proses genetik testlər və konsultasiyalar ilə həyata keçirilir.

 

Tədqiqat mövzusunu seçmək mənim üçün bir qədər çətin oldu. Çünki tədqiqat mövzumun həm xərçəng xəstəliyi üzrə tədqiqatlara töhfə verməsini, həm də əldə etdiyim elmi-praktik bilik və bacarıqların Azərbaycana qayıtdıqda onkoloji tədqiqatların inkişafına təkan verməsini istəyirdim. Nəticədə tədqiqat mövzumun Dünya Xərçəng Statistikasının (GLOBOCAN -The Global Cancer Observatory) 2019-cu və 2020-ci illərin nəticələrinə əsasən xərçəngə bağlı ölüm sayına görə birinci yeri tutan ağciyər xərçəngi haqqında olmasına  qərar verdim. Qeyd etmək istərdim ki, cari ildə dünya üzrə xərçəngə bağlı 10 milyon ölüm müşahidə edilmişdir ki, bunun 18%-i ağciyər xərçənginin payına düşür. Bu baxımdan, həmin istiqamətdə tədqiqatların aparılması olduqca böyük əhəmiyyət kəsb edir. Tədqiqat işində əsas məqsəd xərçəng xəstəliyinin formalaşmasına və inkişafına səbəb olan genlərin susdurulması, bununla da xərçəng xəstəliyinin inkişafının qarşısını almaq, eyni zamanda xərçəng hüceyrələrini öldürərkən sağlam hüceyrə və toxumaların qorunmasına nail olmaqdır.

 

Düşünürəm ki, bu istiqamətdə görüləcək işlər, eyni zamanda DP-nin digər iştirakçılarının nailiyyətləri və Azərbaycana gətirəcəkləri yeni elmi yeniliklər Azərbaycanda elm, səhiyyə, texnologiya və s. kimi sahələrdə böyük inkişafa səbəb olacaqdır.

 

- Təhsil aldığınız İstanbul Universitetində araşdırmalarınız üçün nə kimi imkanlar var? Pandemiya Universitetin fəaliyyətinə, tədris və elmi tədqiqatlarınıza necə təsir edib?

- Mənim çalışdığım “Xərçəngin genetikası” laboratoriyası İstanbul Universiteti Onkologiya İnstitutunun binasında yerləşir. Hansı ki, onkoloji xəstələrin qəbulu, onların müalicəsi bu mərkəzdə aparılır. Tədqiqat İnstitutları əsasən xəstə nümunələrini xəstəxanalardan qəbul edir və üzərində işləyir. Onkologiya İnstitutunda isə həm xəstələrin qəbulu və müalicəsinin, həm də genetik tədqiqatarın eyni struktur daxilində olması bizim xəstələrlə birbaşa əlaqədə olmağımıza və onları müalicənin müxtəlif mərhələlərində müayinə etməyimizə imkan verir. Deyək ki, əgər biz müxtəlif genetik göstəricilərin xəstənin aldığı müalicələrdən (kimya terapiya, şüa terapiyası, cərrahiyə, hormon terapiyası və s.) əvvəlki və sonrakı dinamikasını ölçmək istəyiriksə, bunu dərhal etmək mümkündür. Xəstələrin aldığı müalicənin effektivliyini, sonrakı müalicənin seçilməsini məhz bu nəticələr müəyyənləşdirir. Bundan başqa, laboratoriya müasir genetik tədqiqatların aparılması üçün lazım olan bütün növ maddi-texniki baza ilə təchiz edilmişdir.

 

Türkiyədə virusun ortaya çıxması mart ayında oldu və artıq 1 ildir ki, bütün dünyada olduğu kimi Türkiyədə də bir çox sahələr kimi təhsil və səhiyyə sahəsinə də pandemiya öz təsirini göstərdi. Dərslər online formada keçirilməyə başladı. Pandemiyanın geniş vüsət aldığı ilk dövrdə və ikinci dalğa müddətində tədqiqatlara və xəstə qəbuluna müəyyən məhdudiyyətlər gətirildi. Profilaktik tədbirlər alınaraq, daha az işçi sayı ilə gündəlik iş yükü yerinə yetirilməyə çalışıldı. Hal-hazırda normal iş rejimi bərpa olunmuş haldadır. Təbii ki, lazımi tədbirlər daxilində.

 

- Necə bilirsiniz, müasir tibb elmi xərçəngin müalicəsinə nə dərəcədə yaxınlaşıb? 

- Hələ də hər il dünyada təqribən 10 milyon insan xərçəng xəstəliyi səbəbi ilə həyatını itirir. Dünyanın hər yerində bu istiqamətdə çox vacib nəticələr əldə olunan araşdırmalar aparılır, bəs nə üçün xərçəng xəstəliyi hələ də tamamilə müalicə olunmur? Bunu 3 əsas səbəblə bağlaya bilərik:

 

  • 1. Bu xəstəlik qrupu, bəziləri hələ aydınlaşdırılmamış minlərlə molekulyar və genetik mexanizmə malikdir.
  • 2. Bu gün biz artıq sadəcə xərçəng şişlərindən yox, onları əhatə edən mikromühitdən də bəhs edirik. Hansı ki, bu mikro mühit şişin “qoruyucusu” kimi qarşımıza çıxır, onu istər immunsistemindən, istərsə də kənardan tətbiq edilən müalicələrə qarşı “görünməz” edə bilir və bununla da şişin daha çox aqressivləşməsinə və inkişafına şərait yaradır. Xərçəng müalicələrinin bəzən nəticəsiz qalmasının səbəblərindən biri budur.
  • 3. Xərçəng hüceyrələri ətraf mühit şərtlərinə tez uyğunlaşır, az qala ağıllı bir orqanizm kimi davranır və buna görə dərmanlara qarşı müqavimət inkişaf etdirirlər.

 

Təbii ki, xərçəng olduqca kompleks bir xəstəlikdir. Onun müalicəsinin mürəkkəbliyini sadəcə bu 3 səbəblə izah etmək kifayət etməz. Amma müasir tibb elmi, xərçəng xəstəliyi qarşısında tamamilə çarəsiz deyil. Bu gün bütün xərçəng xəstəliklərinin 50%-in qarşısı alına bilir, 2/3-si isə müalicəsi mümkündür. Bunlar olduqca əhəmiyyətli göstəricilərdir. Artıq “xərçəng müalicə olunmaz xəstəlikdir!”, “xərçəngin müalicəsi yoxdur!” kimi fikirlər keçmişdə qalmaqdadır. Bir sıra yeni metodların bu sahədə inkişafı xərçəngin daha effektiv müalicəsini mümkün edir. Bunlardan, mənim də olduqca diqqətimi çəkən yeni gen terapiya metodu “CRİSPR-Cas9”  texnologiyasıdır. Hansı ki, 2020-ci ildə bu texnologiyanın müəllifləri Nobel mükafatına layiq görüldü. Xərçəng xəstəliyinin genetik xəstəlik olduğu nəzərə alındığında bu gen terapiya metodu böyük ümidlər doğurur. Düşünürəm ki, müasir elm ən qısa zamanda xərçəng xəstəliyinin tam müalicəsinə nail olacaq.

 

- Doktorantura təhsilinizdən gözləntiləriniz barədə nə deyə bilərsiniz?

- Doktorantura təhsilimin artıq 2 il yarım müddəti geridə qalmaqdadı. Bu müddəti müvəffəqiyyətlə başa vurmuşam. Bundan sonrakı müddətdə də, tədqiqat işimin ən yaxşı şəkildə icrasına və xərçəng xəstəliyinin müalicəsində rol oynaya biləcək nəticələr əldə etməyə çalışacağam.

 

- Gələcək planlarınız və arzularınız...

- Doktorantura təhsilini başa vurmuş şəxslərə ixtisası üzrə “fəlsəfə doktoru” elmi dərəcəsi verilir və “alim” olaraq qiymətləndirilir. Bu ad mənim üçün çox dəyərli və hazırda doktorantura təhsilimi davam etdirməyimə baxmayaraq olduqca yüksək, əlçatmazdır. Mənim arzum bu ada layiq bir tədqiqatçı olmaqdır. Ən böyük arzum isə Azərbaycanda elmin, təhsilin, səhiyyənin inkişafında rol oynamaqdır. Gələcək planlarım və arzum “Azərbaycan vətəndaşı” və “Azərbaycan alimi” kimi faydalı işlər görməkdir.

 

Oruc MUSTAFAYEV

Azərbaycan müəllimi