Son illər ölkəmizdə bir çox sahələrlə yanaşı, nəşriyyat sektorunun da inkişafı göz önündədir. Yerli kitab bazarında canlanma artdıqca meydana çıxan problemlərin birgə həll olunmasına ehtiyac yaranmışdı. Nəşriyyatların birgə fəaliyyətini şərtləndirən problemlər bir deyil, iki deyil: daxili bazarda piratçılıqla mübarizə, müxtəlif informasiya platformalarında kitab təbliğinin olmaması, respublikanı əhatə edən vahid kitab satış şəbəkəsinin mövcud olmaması, bölgələrdə yaşayan oxucularla nəşriyyatlar arasında qopuqluq, müstəqil kitab mağazalarının azlığı, kitab sərgiləri və satış yarmarkalarının paytaxt və bölgələrdə vaxtlı-vaxtında təşkil olunmaması, yerli müəlliflərin dünya kitab bazarına çıxmasında yaşanan çətinliklər, tərcümə, redaktə və korrektə sahəsində birgə fəaliyyətin olmaması və s. məsələlər nəşriyyatların birgə fəaliyyətini zəriri etməkdədir.
Azərbaycanda kitab sektorunun dünya standartlarına cavab verən səviyyəyə çatması, yazıçı-naşir-kitab satış şəbəkəsi və oxucu münasibətlərində ardıcıllığa nail olunması, ümumilikdə nəşriyyatçılıq etikasının formalaşması, müəlliflik hüququ məsələləri, habelə beynəlxalq kitab şəbəkəsinə qoşulmaq üçün yerli nəşriyyatların birlikdə fəaliyyət göstərməsinə ehtiyac yaradıb.
Bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən bir qrup nəşriyyat sahibi bir ildən daha artıq müddətdə müəyyən görüşlər keçirib, müzakirələr aparmış və sonda Azərbaycan Nəşriyyatları İctimai Birliyinin (ANİB) yaradılması ilə bağlı təsis toplantısını keçirmişdir. Tolantıda Təhsil, Altun, Hədəf, Parlaq İmzalar, Alatoran, Qələm, Qədim Qala, Ağıllı bala, Çapar, XAN, Çinar, BookZone nəşriyyatlarlarının rəhbərləri iştirak etmiş, ANİB-i təsis etmişlər. İdarə Heyətinin yekdil qərarı ilə 18 yanvar 2021-ci il tarixli iclasda Hədəf Qrupun baş direktoru Şəmil Sadiq ANİB-in sədri, Parlaq İmzalar nəşriyyatının direktoru Nurman Tariq isə sədrin müavini seçilmişlər.
Birlik qarşıdakı üç ay müddəti üçün fəaliyyət planı hazırlamışdır: