https://www.zirve.edu.az/
2021-02-26 17:37:00
“Müəllim nümunə olmalıdır” - Vətən müharibəsinin qəhrəman MÜƏLLİMİ

Fuad Maqsudov: “Şagirdlərim də bir müəllim kimi mənimlə qürur duyurlarsa, çox xoşbəxtəm”

 

Fuad Maqsudov 1990-cı ildə Qax rayonunun Aşağı Malax kəndində doğulub.  Birinci sinfə Aşağı Malax kənd ümumi orta məktəbində gedib, X sinifdən isə Qax şəhər 2 nömrəli məktəb-liseydə  təhsilini davam etdirib. 2007-2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala  filialının filologiya fakültəsində  ali təhsil alıb.  2011-2012-ci illərdə hərbi xidmətdə olub. 2012-ci ildən 2018-ci ilə qədər  müxtəlif  bölgələrdə türk liseylərində, “İstək” liseyində pedaqoji fəaliyyət göstərib. 2018-ci ildə Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək 48 bal toplayıb. Müddətli müqavilə ilə işə qəbul olunub. 2019-2020-ci tədris ilindən pedaqoji fəaliyyətini müddətsiz əmək müqaviləsi əsasında davam etdirmək hüququ qazanıb.

 

Hazırda Qax rayonu Ağyazı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.

 

- Fuad müəllim, məlum olduğu kimi ötən il sentyabrın 27-dən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Və həqiqi hərbi xidmətə çağırılmış bir müəllimin gözü ilə müharibə nə deməkdir?

- Bəli, fəxrlə deyə bilərik ki, 30 ilə yaxındır ki, Ermənistanın işğalı altında olan torpaqlarımız azad olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın milli birliyi - həmrəyliyi, Ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti sayəsində haqq-ədalət bərpa edildi, uzun illərin həsrəti başa çatdı. Müharibə isə təkcə bir müəllimin gözündə yox, bütün insanların gözündə böyük və dəhşətli bir faciədir, yarımçıq qalan arzulardır, bitməmiş hekayələrdir və s.

 

- Vətən müharibəsində iştirak etmək necə bir hissdir?

- Vətən müharibəsində iştirak etmək, öz doğma torpaqlarının işğaldan azad olunmasında azacıq da olsa payının olması peşəsindən asılı olmayaraq istənilən bir insan üçün ömrünün sonunadək qürurvericidir.

 

Əsas məsələ odur ki, Vətənə şərəflə və ləyaqətlə xidmət edirsən. Müəllim olaraq cəbhədə olmaq ikiqat məsuliyyətdir, müəllim harda olursa-olsun, nümunə olmalıdır. Məni cəbhədə soyadımla yox, daha çox müəllim deyərək çağırırdılar. Əsgərlərlə vəziyyəti analiz edərkən həmişə “müəllim, siz daha yaxşı bilərsiniz” sözünü tez-tez deyirdilər.

 

- Cəbhədə əsasən hansı istiqamətdə olmusunuz?

- Sentyabr ayının 29-dan həqiqi hərbi xidmətə çağırılmışam. İlk olaraq bizə Gəncə şəhərində, daha sonra Şəmkirdə təlim keçirilib. Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Qələbədən sonra isə dekabr ayının axırınadək Cəbrayıl-Qubadlı istiqamətində xidmət etmişəm.

 

- Ən çox sizə təsir edən məqam nə oldu bu müddət ərzində?

- Bizim taborda itki olmayıb, amma bizdən əvvəl döyüşə gedən taborda həmyerlimizin şəhid olması xəbəri məni çox üzdü. Müharibənin acı gerçəkləri var və məni orda olanlar daha çox anlayar.

 

- Müzəffər Ordunun əsgəri kimi qayıdandan sonra şagirdləriniz sizi necə qarşıladı? Yəqin ki, onların gözlərində qürur hissi oxunurdu...

- Bildiyiniz kimi, pandemiya şəraitində dərslər onlayn olaraq davam etdirilir. Mən də yanvar ayından Microsoft Teams platforması üzərindən onlayn dərslərə davam etdim. Şagirdlərimin gözlərində maraq və qürur hissini təbii ki, hiss edirəm və həm onlar, həm də pedaqoji kollektiv məni çox hörmətlə qarşıladı, cəbhədə olduğum zamanlarda da hər zaman onların dəstəyini hiss etmişəm. Bu müharibədə  xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi, güclü iradə nümayiş etdirdi. Bu da şanlı qələbənin qazanılmasında mühüm rol oynayıb. Eyni zamanda, illərdir ümumtəhsil müəssisələrində hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması sahəsində aparılan işlərin də burda çox mühüm rolu var. Əgər gənclərimizdə könüllü olaraq öz Vətəninin müdafiəsində iştirak etmək, erməni terroristlərini torpaqlarımızdan qovmaq, bu qaniçənlərə nifrət hissini aşılaya bilmişiksə, mən bunu eyni zamanda məktəblərimizin də uğuru hesab edirəm.

 

- Dediyiniz kimi, müəllim hər bir işdə nümunə  olmalıdır və siz də vətənə olan borcunuzu yerinə yetirməklə də şagirdlərinizə nümunə olmusunuz. Gənclərə, şagirdlərinizə, müəllim həmkarlarınıza nə demək istəyərdiniz?

- Gənc nəslin təlim-tərbiyəsində, bir şəxsiyyət kimi formalaşmasında müəllimlərin əməyi böyükdür və danılmazdır. Mən bütün müəllimlərə fəxr ediləcək şagirdlər arzulayıram. Vətənin dar günündə onu müdafiə etməyə hazır olan hər bir gənc müəllim əməyinin məhsuludur.  Əgər şagirdlərim də bir müəllim kimi mənimlə qürur duyurlarsa, çox xoşbəxtəm.

 

Torpaqlarımızın işğaldan azad olunması yolunda öz canlarını fəda edən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm!

 

Günay MAHMUDOVA,

Qax Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Azərbaycan müəllimi