Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-26 17:13:00
“Bununla Azərbaycan universitetlərinin siması dəyişəcək”-  Şuranın məsul katibi

 

 

“Doktorantların gəncləşməsi elmdə zərərli olan “Qocalma tendensiyası”nın qarşısını alacaq”. 

 

 

Bunu AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru  İlqar Orucov deyib.

 

 

O, Azərbaycan və Türkiyə arasında doktorantura təhsili üzrə əməkdaşlıqdan söz açıb:

 

Belə ki, Təhsil naziri Emin Əmrullayev Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdulla Erenlə  Azərbaycan vətəndaşlarının Türkiyə ali təhsil müəssisələrində, xüsusilə tədqiqat universitetlərində doktorantura səviyyəsində təhsil almaq və qısa, uzunmüddətli tədqiqat aparmaq imkanlarını gerçəkləşdirən Niyyət Məktubunu imzalayıb.

 

“Azərbaycan və Türkiyə arasında doktorantura təhsili üzrə imzalanan sənəd elm və təhsil sferası üçün çox vacibdir. Bu işlərin Təhsil Nazirliyi səviyyəsində qurulması isə olduqca əhəmiyyətlidir. 

 

Belə ki, Türkiyədə son illər bakalavr, magistr və doktorantura səviyyəsində mübadilə proqramları həyata keçirilir. Bizim də bakalavr və magistr tələbələrimiz  Türkiyə bursları əldə edərək təhsillərini orada davam etdirirlər. Hazırda isə doktorantura üzrə bu kimi imkanların yaradılması gənc alimlərin formalaşdırılmasında böyük rol oynayacaq. Bu Azərbaycan elmində zərərli olan “Qocalma tendensiyası”nın da qarşısını alacaq”. 

 

İlqar Orucov Türkiyədə təhsilin əhəmiyyətindən söz açıb:

 

“Türkiyədə ali təhsil pilləsi sürətlə inkişaf edir. Hazırda qardaş ölkənin çox nüfuzlu universitetləri dünya reytinqində yer alırlar. Həmin ali təhsil müəssisələrinin elmi təqdiqat mərkəzləri, laboratoriyaları geniş şəkildə fəaliyyət göstərməkdədir. Ümid edirəm ki, bizim gənclərimiz də bu fürsətdən yararlanaraq Türkiyədə doktorantura təhsili alacaq və elmi işlərini uğurla müdafiə edərək vətənə qayıdacaqlar. Bununla Azərbaycan universitetlərinin siması dəyişəcək və dünya səviyyəsində tədqiqatlar aparmaq bacarığına malik nəsil yetişəcək. Onlar da öz növbələrində Azərbaycanın elmi mərkəzlərinə, sahə institutlarına üz tutacaqlar. Elmin gəncləşməsini çox faydalı hesab edirəm. Belə ki, insanın elmdə aktiv fəaliyyət dövrü nə qədər çox olsa, o, elmi araşdırma və tədqiqatları ilə ölkəmizə xidmət edəcək və onu dünyada təmsil edəcək. Dövlətin gözləntilərini də bu kimi xaricdə təhsil alan və elmi dərəcələrə yiyələnmiş gənclər təmin edəcək”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları