https://www.zirve.edu.az/
2021-02-24 13:39:00
Respublika uşaq yaradıcılıq müsabiqə-festivalı: Bir sevinək, bir gülək

Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin şagird və dərnək üzvləri arasında “Bir sevinək, bir gülək” onlayn Respublika uşaq yaradıcılıq müsabiqə-festivalı keçirilir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, nazirliyin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqə-festival martın 17-dək davam edəcək. Müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, onların istedad və bacarıqlarını üzə çıxarmaq, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmasına şərait yaratmaq, Novruz adət-ənənələrini, milli-mənəvi dəyərlərimizi təbliğ etməkdən ibarətdir.

 

Onlayn təşkil olunan müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-17) və 3 nominasiya – “Bədii qiraət”, “Təsviri-tətbiqi sənət” və “Vokal ifaçılığı” üzrə keçirilir.

 

“Bədii qiraət” nominasiyası üzrə tələblər:

-İştirakçı yaş qrupuna müvafiq olaraq müsabiqəyə yalnız bir şeir təqdim edə bilər;

-Şeirin müddəti 3-5 dəqiqədən çox olmamalıdır;

-Videogörüntü telefon, planşet və ya kamera ilə çəkilə bilər;

-Videogörüntülər mümkün qədər aydın və keyfiyyətli olmalıdır;

-İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdimetmə bacarığı kimi meyarlar nəzərə alınmalıdır.

“Təsviri-tətbiqi sənət” nominasiyası üzrə tələblər:

- İşlərin işlənmə texnikası sərbəstdir;

- İşlərin formatına məhdudiyyət qoyulmur;

-Novruz adət-ənənələrini əks etdirən rəsm və dekorativ tətbiqi sənət nümunələrində ideya-bədii cəhətdən qeyri-adi ifadə tərzi, orijinal yanaşma və müxtəlif texnikaların tətbiqi öz əksini tapmalıdır;

 

-Müsabiqəyə təqdim edilən yaradıcılıq nümunələrinə tətbiqi sənətin müxtəlif sahələri, o cümlədən keramika, xalçaçılıq, metal üzrə iş, daş və ağac üzərində oyma, bədii toxuma və tikmə, qurama, şüşə üzərində iş, qobelen və batika daxildir.

 

“Vokal ifaçılığı” nominasiyası üzrə tələblər:

 

-Xalq və bəstəkar mahnıları olmalıdır;

-Folklor janrı (saz ifası, nəlbəkidə ifa, tütək, balaban, ney, kanon, qara zurna, ud);

-İştirakçı yalnız bir nominasiya üzrə iştirak edə bilər;

-İştirakçı seçdiyi nominasiya üzrə bir nömrədən ibarət videogörüntü təqdim etməlidir;

-Təqdim olunan mahnı 3-4 dəqiqədən artıq olmamalıdır;

-Müsabiqəyə təqdim olunan mahnı minusla və ya akapella oxuna bilər;

-İştirakçının videogörüntüsü telefon, planşet və ya kamera ilə çəkilə bilər;

-Təqdim olunan videogörüntülər aydın və keyfiyyətli olmalıdır.

 

İşlər göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təhsil müəssisəsinin və ya məşğul olduğu müəssisənin adı, təqdim etdiyi işin adı qeyd olunmalıdır. “Bədii qiraət” nominasiyası üzrə işlər martın 11-dək [email protected] , “Təsviri-tətbiqi sənət” nominasiyası üzrə işlər [email protected], “Vokal ifaçılığı” üzrə işlər [email protected] elektron poçt ünvanlarına göndərilməlidir.

 

Müsabiqənin qalibləri diplom və sertifikatlarla təltif olunacaq və qalib işlər sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.