Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-03 12:12:00
Şagirdlər və müəllimlər Virtual Məktəbdə  müasir texnologiyadan istifadəni vərdiş edirlər

 

 

Ölkənin ən iri milli onlayn platforması “Virtual məktəb”də dərslər davam edir.

 

AzEdu.az xəbər verir ki, təhsilin fasiləsizliyini və davamlılığını təmin edən layihə çərçivəsində müəllim və şagirdlər üçün açıq qeydiyyat, video və audiodərslərin təşkili, tədris cədvəllərinin tənzimlənməsi, qrup işlərinin təşkili, ev tapşırıqlarının təyinatı, qiymətləndirmə, nəzarət mexanizmləri kimi bir çox imkanlar təqdim olunur. Bu imkanlardan faydalanaraq dərs keçən müəllimlər bildirirlər ki, dərslərdə izah edilən anlayışların vizuallaşdırılması mövzunun şagirdlər tərəfindən daha yaxşı qavramasına, uzun müddət onların yaddaşında qalmasına kömək edir. Bu baxımdan platformada müxtəlif fənlərin tədrisində istifadə olunan geniş interaktiv alətlər onların dərslərini daha maraqlı etməyə imkan yaradır.

 

Dərsin mövzusuna uyğun olaraq müxtəlif alətlərə müraciət edən fizika fənni müəllimi Aysel Quliyeva hazırladığı vizual təqdimatlar, intellektual oyunlar ilə şagirdlərin rəğbətini qazanıb.  Onun və digər innovativ müəllimlərin müasir tədris metodları barədə hazırladıqları video materiallar ilə “Virtual Məktəb”də müəllim bloqları bölməsində (https://virtual.edu.az/blog) tanış olmaq mümkündür.

 

Müasir texnologiyalardan istifadə etməklə dərslərini dinamik, müasir və şagirdlər üçün cəlbedici təşkil edən ibtidai sinif müəllimi  Arzu Nəsirli də davamlı olaraq öz təcrübəsini digər müəllimlərlə paylaşır. Onun “Microsoft Forms” ilə tapşırıqvermə üsulları, “Thinklink” aləti ilə layihə əsaslı öyrənmə, “Padlet” vasitəsilə müzakirələrin təşkili və bu kimi digər maraqlı alətlər barədə  video materiallarını müəllim bloqlarında izləmək olar.

 

Müəllimlər hesab edirlər ki, “Virtual Məktəb” onlara dərslərini müəllim-şagird əməkdaşlığı müstəvisində qurmağa yardımçı oldu – “Fəal təlim şəraitində şagirdlərlə birgə tədqiqatlar, araşdırmalar aparır, müqayisə və təhlillər edirik. Bəzi hallarda isə müasir texnologiyalar üzrə yenilikləri şagirdlərimizdən öyrənirik.”

 

İstifadə olunan müasir texnologiyalar müəllimlərin İKT bacarıqlarının artmasına və nəticədə yeni yanaşmaların təhsilə sürətli inteqrasiyasına yol açmaqla yanaşı, rəqəmsal bacarıqları yüksək olan tədqiqatçı şagirdlərin də formalaşmasına müsbət təsir göstərdi. Beləki, təlim prosesində yaradıcı tərəf kimi iştirak edən şagirdlər də artıq öz virtual dərs təcübələri barədə videolar hazırlayaraq təqdim edirlər. Bu videoları isə “Virtual Məktəb”in rəsmi Facebook səhifəsində (https://www.facebook.com/ict.edu.az) “Virtual Gündəlik” rubrikasında izləmək mümkündür.