https://www.zirve.edu.az/
2021-01-25 12:09:00
Uşaqların vaxtından əvvəl məktəbə qəbul qaydaları -QANUN

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları Təhsil Qanunu ilə tənzimlənir.

Zehni keyfiyyətlər  uşaqların xüsusi istedadını şərtləndirən amillər hesab olunur.

Azedu.az xəbər verir ki, Qanunda uşaqların  mühakimə, müqayisə, ümumiləşdirmə bacarıqlarının nümayiş etdirilməsi, nitqin aydınlığı və rabitəliliyi, fikrin sərbəst və düzgün ifadə edilməsi, təqdim olunmuş mövzuda sadə şifahi mətnin qurulması, yaşa görə söz ehtiyatının zənginliyi kimi məsələlər vaxtından əvvəl məktəbə qəbul olunmaq üçün əsas meyarlar kimi göstərilib.

 

Həmçinin dinlənilən mətndən müvafiq nəticə çıxarılması, mətndə ifadə olunan fikrə münasibət bildirilməsi,  müxtəlif yolla sadə hesablama vərdişlərinin nümayiş etdirilməsi, müşahidə etdiyi hadisələrə münasibət bildirilməsi, müxtəlif sahələr üzrə yaşa uyğun məlumatlılıq səviyyəsini ehtiva edən bilik və bacarıqların nümayiş etdirilməsi də yoxlanılır.

 

 Vaxtından əvvəl I sinfə qəbul hər il 16 sentyabr-31 dekabr müddətində 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.  Uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə bilavasitə onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında baxılır.

 

Ümumtəhsil müəssisəsinin məktəbəhazırlıq qrupunda məşğul olmuş xüsusi istedadlı uşaqlar direktorun təqdimatı əsasında həmin məktəbin  I sinfinə müsahibəsiz qəbul olunurlar.  

 

Qeyd edək ki, uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı müsahibə rayon (şəhər) təhsil şöbəsinin nəzdində yaradılan və 5 nəfərdən az olmayaraq yüksək ixtisaslı və təcrübəli mütəxəssislərdən ibarət (ibtidai sinif müəllimi, həkim, psixoloq, metodist və s.) komissiya  tərəfindən uşağın tədris alacağı dildə aparılır. Komissiyaya rayon  təhsil şöbəsinin  müdiri rəhbərlik edir