Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-18 15:47:00
UNEC Kitabxana-İnformasiya Mərkəzi 2020-ci ildə

2020-ci il bütün dünya üçün təlatümlü, COVİD 19 virusuna qarşı mübarizə və pandemiya ili kimi xatırlansa da, Azərbaycan üçün ən böyük töhfəsi 27 il erməni əsarətində qalmış Qarabağ torpaqlarının geri qaytarılması oldu. Artıq ölkəmiz üçün yeni bir mərhələ başlayır. Xalqımızın ağır itkiləri olsa da, cənab Ali Baş Komandanın uzaqgörən siyasəti və müzəffər ordumuzun əzmi ilə bundan sonrakı illərdə bütöv Azərbaycanın çiçəklənməsi və inkişafını fəxarət hissi ilə izləyəcəyik.

 

2020-ci il digər illərdən fərqli olaraq insanların həyat tərzində və fəaliyyətində, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də köklü dəyişikliklərlə müşahidə edildi. Bu dəyişikliklər universitet kitabxanalarının fəaliyyətindən də yan keçmədi. Belə ki, UNEC Kitabxana-İnformasiya Mərkəzi 2020-ci ilin ilk iki ayında ənənəvi fəaliyyət göstərsə də, mart ayından etibarən mövcud sosial izolyasiya və ciddi karantin dövründə işini onlayn rejimdə davam etdirib.

 

UNEC-in təşkilatçılığı ilə may ayında "Pandemiya dövründə Azərbaycanda universitet kitabxanalarının fəaliyyəti" mövzusunda respublikanın aparıcı universitetlərindən kitabxana rəhbərləri, səriştəli kitabxana mütəxəssislərinin iştirakı ilə onlayn vebinar keçirilib.

 

Pandemiya dövründə UNEC Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları sosial şəbəkələrdə "#Evdə qal, mütaliədən qalma", "#UNEC #yaymayaşat #evdəqal", "#BizBirlikdəGüclüyük" həştəqi altında müxtəlif maarifləndirici xəbərlər paylaşır, açıq girişi olan və abunə olduğumuz bazalardan, müxtəlif kitablardan istifadə üzrə, həmçinin, elm, təhsil, iqtisadiyyat, ədəbiyyat, mədəniyyət və s. sahələr üzrə maraqlı faktları diqqətə çatdırır, maarifləndirici xarakterli posterlər hazırlayıb təqdim edir, onlayn sorğu-məlumat xidmətləri həyata keçirirlər. Qarabağ müharibəsi dövründə UNEC KİM-in sosial şəbəkələrdə mövcud olan səhifələrində həştəqlər altında müxtəlif dillərdə məlumat, poster və videoxəbərlər paylaşılıb.

 

27, 28 aprel tarixlərində UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, Adilə Abdullayeva Rusiya Elmlər Akademiyasının kitabxanası tərəfindən təşkil edilmiş "Pandemiya dövründə dünya kitabxanalarının fəaliyyəti" adı altında onlayn vebinarda iştirak edib. Rusiya, Amerika, Fransa, Türkiyə, Almaniya, Qazaxıstan və başqa ölkələrdən 40-dan çox kitabxanaçı mütəxəssisin qatıldığı vebinarda pandemiya dövründə UNEC-in Kitabxana İnformasiya Mərkəzinin fəaliyyətindən ətraflı bəhs edilib.

 

20 may tarixində UNEC İnkluziv Təhsil Mərkəzinin təşkil etdiyi "İnklüziv ali təhsildə 3N" mövzusunda beynəlxalq vebinarda UNEC KİM-in 24/7 kitabxanasının müdiri "İnklüziv ali təhsildə kitabxana xidmətləri: yeni mərhələ", 9-10 iyun tarixlərində Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları" mövzusunda respublika virtual elmi konfransında UNEC KİM-in direktoru "UNEC Kitabxana İnformasiya-Mərkəzinin fəaliyyəti: reallıqlar və yeni hədəflər" mövzusunda çıxış edib.

 

Bundan başqa, UNEC KİM-in direktoru 25 iyun 2020-ci il tarixində Rusiyanın Elmlər Akademiyasının Novosibirsk filialının Kitabxanasının təşkil etdiyi elmi-təcrübi onlayn vebinarda, 15 iyun 2020-ci il tarixində UNEC KİM əməkdaşları Türkiyənin ÜNAK dərnəyi və EBSCO-nun təşkilatçılığı ilə "Uzaktan Eğitimde içerik sorunu: çözümler ve öneriler" mövzusunda vebinarda, iyul ayında "Web of Science" elektron platforması üzrə yeniliklərlə, onlayn xidmətlərlə bağlı silsilə vebinarda, noyabr ayının 12-də Rusiya Kitab Birliyinin təşkil etdiyi beynəlxalq konfransda və sair tədbirlərdə iştirak edib.

 

2020-ci il həm də UNEC-in 90 illik yubileyinin keçirilməsi ilə də yadda qalıb. UNEC-in 90 illik yubileyi ilə əlaqədar universitetin saytında UNEC-in professor-müəllim heyətinin, görkəmli iqtisadçı alimlərin kitablarından ibarət "90 il Azərbaycan iqtisadiyyatının xidmətində", "UNEC-in beynəlxalq nəşrlər fondu", "Görkəmli iqtisadçi alim, akademik Ziyad Səmədzadə-80" adlı virtual sərgilər hazırlanıb.

 

UNEC KİM-in fəaliyyəti barədə məlumatlar, məqalələr müntəzəm olaraq KİV-də və digər kommunikasiya vasitələrində işıqlandırılıb.

 

İl ərzində UNEC tələbə və müəllim heyətinin dərslik və dərs vəsaitlərinə olan tələbatını öyrənmək, yerli və beynəlxalq elektron resurslardan istifadə səviyyəsini müəyyənləşdirmək məqsədilə araşdırıcı sorğu hazırlanıb.

 

UNEC KİM-in 24/7 Kitabxanası yeni tədris ilinin başlanması ilə "Sıra Səndə" layihəsinə də start verib. Layihənin iştirakçıları sosial şəbəkələrdən kitabxananın fəaliyyətini izləyən oxuculardır ki, sevdiyi kitabları geniş auditoriyaya təqdim edirək, estafeti digərinə ötürürlər. Layihənin məqsədi müəllim və tələbələri ən yeni maraqlı akademik kitablar, həmçinin, Azərbaycan və dünya bədii ədəbiyyatı inciləri ilə tanış etməkdir. Ruçir Şarma "Dövlətlərin yüksəlişi və tənəzzülü: Böhrandan sonrakı dünyada güclərin dəyişməsi" ("The Riseand Fallof Nations: Forcesof Changein the Post-CrisisWorld"), Corc S.Kleyson "Babilin ən varlı adamı", Benjamin Qrem, Devid Dodd "Qiymətli kağızların təhlili" ("Security Analysis"), Emre Alkin "İqtisaddan çıxış" ("İktisattan Çıkış"), Xalid Hüseynin "Min möhtəşəm günəş" kimi kitablar olmaqla, layihənin 10-dan çox buraxılışı geniş müzakirəyə çıxarılıb.

 

2020/2021-ci tədris ilində istifadəçilərin informasiya təminatını ödəmək məqsədilə UNEC KİM-in direktoru 17 sentyabr tarixində onlayn resurslardan istifadə qaydaları barədə tələbələrlə Feysbuk üzərindən canlı görüş keçirilib və videotəlimat hazırlanaraq sosial şəbəkələrdə yayılıb.

 

17 noyabr 2020-ci il tarixli UNEC Elmi Şurasının iclasının 174 saylı protokolu ilə "Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzindən (KİM) istifadə qaydaları" təsdiq edilmişdir. Bu qaydalar oxucu, istifadəçilərin kitabxanaların ənənəvi və elektron resurslarından istifadə qaydaları və mexanizmini tənzimləyir, oxucu və kitabxanaçı münasibətlərini nizama salır.

 

2020-ci ilin yekunu olaraq 28 dekabr tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə "COVİD-19 və universitet kitabxanalarının rəqəmsal mühitə adaptasiyası" mövzusunda onlayn dəyirmi masa keçirilmişdir. UNEC-in Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayevanın təşəbbüsü ilə keçirilən dəyirmi masada ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Sumqayıt, Gəncə, Naxçıvan Dövlət universitetlərinin və ölkənin digər ali təhsil müəssisələrinin kitabxana rəhbərləri, səriştəli kitabxana mütəxəssisləri, eləcə də BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti iştirak ediblər. Tədbirdə "Kitabxanalarda rəqəmsallaşdırma: texniki təminat və hüquqi aspektlər", "Kitabxanaların fəaliyyətinin iqtisadi aspektləri", "Kitabxanaların onlayn xidmətlərində ünsiyyət məhdudiyyətləri", "Distant təhsilin informasiya-resurs təminatında universitet kitabxanalarının vəzifələri" mövzularında təqdimatlar olub. Çıxışlardan sonra elektron kitabxanaların hazırkı durumu, mövcud problemlər və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı universitetlərdə gələcəyə baxış konsepsiyasının müəyyənləşdirilməsi, rəqəmsal resursların günün tələbinə uyğun formalaşdırılması, universitetlərin vahid rəqəmsal resurs mərkəzinin yaradılması, universitetlərdə çalışan kitabxana mütəxəssislərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə yerli və beynəlxalq təlimlərin təşkili barədə təkliflər səsləndirilib.

 

2020-ci ildə ən əlamətdar hadisələrdən biri UNEC-in yeni tədris binasında UNEC KİM-in 3 saylı kitabxanasının açılışı olmuşdur. Bu kitabxana 4604 nüsxə kitab, müxtəlif dövri nəşrlər, 43 kompüterlə təmin edilmişdir. Kitablardan 4226-sı Azərbaycan dilində, 378-i xarici dildədir.

 

2020-ci ildə UNEC Kitabxana-İnformasiya Mərkəzinə 1758 nüsxə kitab daxil olub. Bunlardan 1484 nüsxə kitab Azərbaycan dilində, 274 nüsxə kitab xarici dildədir.

 

Kitabxanaya yeni daxil olan bütün nəşrlər biblioqrafik təsvir olunaraq elektron kataloqda ALİSA proqramında öz əksini tapmışdır. Şöbəyə jurnallar həm abunə yolu ilə, həm də hədiyyə olaraq daxil olur. Onu da qeyd edək ki, istifadəçilər mərkəzin fondu üzrə axtarış aparmaq üçün elektron kataloqdan istifadə etməklə kitabxanada hansı kitabların mövcudluğu və yeri barədə məlumat əldə edirlər. Mərkəzə yeni daxil olmuş kitablar haqqında məlumatlar müntəzəm olaraq yenilənir.

 

Bu gün UNEC KİM-in fəaliyyətinə nəzər saldıqda günbəgün silsilə nailiyyətləri müşahidə etsək də, qarşıda bizi yeni layihələr gözləyir. Hazırda UNEC-də həyata keçirilən tədris, elmi tədqiqat proseslərinin informasiya-resurs təminatını həyata keçirən Kitabxana-İnformasiya Mərkəzini kitabxana-informasiya sisteminin modernləşdirilməsi, yeni beynəlxalq elmi-informasiya mənbələrinə fasiləsiz çıxışın təmin edilməsi, kitabxana-informasiya proseslərinin tam şəkildə avtomatlaşdırılması, vahid və interaktiv informasiya şəbəkəsinin yaradılması, beynəlxalq kitab-məlumat-təcrübə mübadiləsi və s. inkişafı üzrə yeni-yeni hədəflər və perspektivlər gözləyir.

 

Adilə Abdullayeva
UNEC-in Kitabxana İnformasiya Mərkəzinin direktoru