Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-13 12:33:00
Azad  edilən ərazilərin təhsili ilə bağlı bu təkliflər verilib – “Bəziləri yaxın gələcək üçün deyil”

 

 

“İrəli sürülən təkliflər içərisində yaxın gələcək üçün o qədər də real görünməyənləri də var idi”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyinin yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

 

 

Ötən həftə Təhsil Nazirliyi yanında İctimai Şura işğaldan azad olunan rayonların təhsil şöbələrinin rəhbərlərinin iştirakı ilə onlayn müşavirə keçirib. Müşavirədə təhsil infrastrukturunun yenidən qurulması və  inkişaf etdirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürülüb və ümumiləşdirilərək Təhsil Nazirliyinə göndərilib.

 

 

Nadir İsrafilov görüşün təfərrüatlarından söz açıb:

 

 

“Nazirlik rəsmisinin də qatıldığı onlayn müşavirədə İctimai Şura üzvləri ilə yanaşı, Rayon təhsil şöbələrinin müdirləri: Təvəkkül Əliyev (Şuşa), Mətanət Misirxanova (Ağdam), Ramella Məmmədova (Fizuli), Fazil Zeynalov (Kəlbəcər), Nicat Həsənov (Laçın), Fuad Bədəlov (Qubadlı), Ümidvar Mənsimov (Xocavənd), Zamiq Qurbanov (Cəbrayıl), Kənan İmaməliyevin (Zəngilan) iştirakı ilə 50-yə yaxın təklif irəli sürülüb.  Təkliflərin bir çoxu məzmun və mahiyyət etibarı ilə bir-birini təkrarladığı üçün onları qruplaşdırmaq lazım gəlib.

 

 

Ümumiyyətlə yekdil fikir ondan ibarətdir ki, dövlətin təhsil, mədəniyyət və iqtisadiyyatını yenidən canlandırmaq və bərpa etmək üçün müəyyən etdiyi strategiyaya müvafiq olaraq bu ərazilərə köçürülmə prosesi mərhələ-mərhələ, könüllülük prinsipi əsasında kompleks mexanizmlərin tətbiqi ilə yaradılacaq. 

 

Bunun üçün ilk növbədə işğaldan azad olunan ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməli, mövcud təhsil infrastrukturunun vəziyyəti qiymətləndirilməli və fəaliyyətinin təşkili ilə bağlı planlar hazırlanmalıdır”.

 

 

Sədr müavini qeyd edir ki,məskunlaşma könüllülük prinsipi əsasında həyata keçirilir:

 

 

“Təkliflər təhsilalan və təhsilverənlərin bölgələrə qayıdışı ilə bağlı virtual anket-sorğusunun aparılması, ucqar ərazilərdə fəaliyyət göstərən ibtidai və ümumi orta məktəblərin tam orta məktəblərə daşınması üçün nəqliyyat vasitələrinin ayrılması, pedaqoji kadrlarla bağlı yarana biləcək çətinlikləri nəzərə alınaraq, müvafiq təhsilli yerli sakinlərə işə qəbulla bağlı güzəştlərin tətbiq olunması, işğaldan azad olunan ərazilərə gənc müəllimləri cəlb etmək üçün əlavə stimullaşdırıcı tədbirlərinin nəzərdə tutulması, digər rayonlardan olan müəllimlərin əmək haqqına əlavə, kommunal ödənişlərdən azad edilmə, 5 il işlədikdən sonra torpaq sahəsinin verilməsi kimi xüsusi güzəştlərin edilməsi ilə bağlıdır.

 

 

Həmçinin, təkliflər içərisində işğaldan azad olunan ərazilərdə əvvəlki internat tipli məktəblərin, liseylərin, gimnaziyaların, orta ixtisas, ali təhsil müəssisələrinin, peşə məktəblərinin bərpası və yenilərinin tikilməsi, ümumi orta təhsil və tam orta təhsil bazasında regiona uyğun müxtəlif sənətlər, kütləvi peşələr və ixtisaslar üzrə ilk peşə və orta ixtisas təhsili verən təhsil müəssisələrinin açılması müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması, Şuşada “Qarabağ Universiteti”nin və bir sıra müvafiq universitetlərin filiallarının açılması kimi təkliflər də geniş yer alıb.

 

 

Habelə təklif olunur ki, işğaldan əvvəl fəaliyyət göstərən məktəblərin fəaliyyəti və adı bərpa olunsun, ucqar, kiçik, əlaqənin çətin olduğu kəndlərdə ibtidai məktəblərin bərpası və ya ehtiyacı nəzərə alınaraq modul tipli yeni ibtidai məktəblər açılsın, hərbi kabinetlərin tam komplektləşdirilməsi və yeni fənn kabinetlərinin qurulması və müvafiq avadanlıq və ləvazimatlarla təchiz edilsin, rayonların turizm imkanları nəzərə alınaraq təhlükəsiz zona elan olunduqdan sonra, uşaqların həmin ərazilərə uyğunlaşmaları məqsədilə düşərgə tipli yay məktəblərinin açılması nəzərdə tutulsun və s”.

 

 

Nadir İsrafilov söyləyib ki, irəli sürülən təkliflər içərisində yaxın gələcək üçün o qədər də real görünməyən məqamlar də az deyil. 

 

 

“Hesab edirəm ki, bütün təklifləri sadalamağa ehtiyac olmadığından, Vətən Müharibəsi zamanı igidlik göstərmiş qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi üçün yeni açılmış məktəblərə onların adlarının verilməsi, asudə vaxtın təşkili üçün gənclər evi, idman və mədəniyyət mərkəzlərinin, yay və üstüörtülü idman meydançalarının qurulması, təhsilalanların valideynlərinin və onların qanuni nümayəndələrinin sosial şəraitinin yaxşılaşdırılması üçün müvafiq güzəştlərin olunması, hazırda respublikanın digər rayon və şəhərlərində çalışan ixtisas müəllimlərinin yerdəyişməsi üçün yeni qaydalar müəyyənləşdirilməsi kimi təkliflərlə kifayətlənmək olar.

 

 

İstənilən halda və nə qədər optimist olsaq belə, işğaldan azad edilmiş ərazilərdə təhsil mühitinin bərpası və dirçəldilməsi zamana bağlıdır və buna müəyyən vaxt lazımdır”.

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları