https://www.zirve.edu.az/
10.01.2021 12:50
“COIA-2020” beynəlxalq konfransının əsərləri “Clarivate Analytics”in səhifəsində  

Bu gün “Clarivate Analytics”in (keçmiş “Thomson Reuters” agentliyinin) səhifəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi ilə və Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun (BDU) təşkilatçılığı ilə avqustun 26-28-də Bakıda keçirilən VII Beynəlxalq “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (COIA-2020) beynəlxalq konfransının əsərləri (Volume 1, Volume 2) indeksasiya üçün qiymətləndirmədən keçib və “Web of Scienc”ə daxil olmaq üçün qəbul olunub.

AzEdu.az xəbər verir ki, konfransın fəxri sədrləri NRYT naziri Ramin Quluzadə və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevdir. Əsərlərin baş redaktorları akademik Fikrət Əliyev və ABŞ-ın Illinois Universitetinin professoru Tamer Başardır.

 

Ənənə halını almış COIA konfranslar silsiləsi 2005-ci ildən Azərbaycanda start götürüb (2005, 2008, 2015, 2018) və 2011-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Bilkənt Universitetində, 2013-cü ildə isə Bolqarıstanın Sofiya Texniki Universitetinin həmtəşkilatçılığı ilə Barovetsdə keçirilib.
Konfrans Bakıda beşinci dəfə təşkil olunurdu. Əvvəlki illərdən fərqli olaraq, pandemiya şəraitinə görə bu dəfə onlayn formatda keçirilməsinə baxmayaraq konfrans dünya alimləri tərəfindən böyük maraqla qarşılanıb. Beynəlxalq tədbirdə dünyanın 30 ölkəsindən 476-ya yaxın alim və tədqiqatçı iştirak edirdi. İştirakçılar arasında Azərbaycan, Türkiyə, ABŞ, Almaniya, İtaliya, Meksika, Ukrayna, Rusiya, İran, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Küveyt kimi ölkələrin görkəmli alimləri vardı.
Müntəzəm olaraq dünyanın bir çox ölkələrində tanınmış alimlərin iştirakı ilə keçirilən konfrans elm aləmində beynəlxalq hadisəyə çevrilib. Bu konfrans, həmçinin Azərbaycan elminin dünya elminə inteqrasiyasında müəyyən mənada rol oynayıb. Bu tədbir yeni ideyaların formalaşmasına, geniş tətbiq sahələrinin yaranmasına öz töhfəsini verir.