Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-22 16:46:00
Dünya hansı tarixdə normal həyata qayıdacaq? - Professordan PROQNOZ

Alman biotexnologiya şirkəti BioNTechin qurucularından olan türkiyəli professor Uğur Şahin dünyada həyatın gələn qışdan etibarən normallaşa biləcəyini söyləyib.

 

AzEdu.az xəbər verir ki, məşhur alimin yeni tip koronavirusa qarşı hazırladığı peyvəndin 90 faiz effektiv olduğu üzə çıxıb.

 

BBC-də “Andrew Marr Şou”da çıxış edən Uğur Şahin bildirib ki, bu qədər təsirli peyvənd virusun insanlar arasındakı yoluxuculuğunu 90 faiz olmasa da, 50 faiz azaldacaq. Professor qeyd edib ki, peyvənd pandemiyanın yayılmasının qarşısını əhəmiyyətli dərəcədə alacaq:

 

“Hər şey qaydasında olacağı təqdirdə, bu qışın sonunda və ya gələn ilin əvvəlində peyvəndin kütləvi istehsalına başlanacaq. Aprel ayına qədər dünya miqyasında ən az 300 milyon doza istehsal etmək niyyətindəyik. Odur ki, gələn qışda normal həyata qayıda biləcəyik. Lakin peyvəndlənmə proqramının hamısının gələn payızdan əvvəl tamamlanması vacibdir.

 

Peyvəndin əks təsiri vurulduğu yerdə bir neçə gün davam edən ağrı və yüngül hərarətdən ibarətdir. Tədqiqatları dayandıracaq ciddi əks təsirlə qarşılaşmadıq. BNT162b1 adlı peyvənd 6 ölkədə 43 min 538 nəfər üzərində sınaqdan keçirilib və sınaqlarda indiyə qədər ciddi təhlükəsizlik problemləri qeydə alınmayıb” .

 

“BioNTech” 2020-ci ilin sonuna qədər dünya miqyasında 100 milyon, 2021-ci ilin sonuna qədər isə təxminən 1,3 milyard peyvənd dozası istehsal etməyi planlaşdırdığını açıqlayıb. “Pfizer” və “BioNTech” şirkətləri peyvəndin tədarükü üçün ABŞ, Aİ ölkələri, İngiltərə, Kanada və Yaponiya ilə ilkin razılaşma imzalayıb.

 

“Yanvar ayında Avropada və ABŞ-da peyvəndin bir neçə milyon dozasını yaymağı planlaşdırırıq. Hər şey yolunda gedərsə, 2021-ci ilin sonuna qədər peyvəndin bütün dünyada yayılması üçün tədbirlər planı hazırlanacaq. Protokol daxilində 2021-ci ilin ilk 3 ayında Türkiyənin peyvənd ehtiyaclarını qarşılamaq istəyirik”, - professor əlavə edib.(publika)