https://www.zirve.edu.az/
30.10.2020 14:03
Dövlət Proqramı təqaüdçüləri: “Biz çox qürurluyuq”

Dövlət Proqramı təqaüdçüləri rəşadətli Ordumuzun qələbə xəbərlərinə sevinir

 

Sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin ölkəmizə qarşı növbəti təxribatçılıq əməlləri cavabsız qalmır. Müzəffər Azərbaycan Ordusunun işğalçılara qarşı bir-birindən uğurlu əks-əməliyyatları milli birliyimizin sarsılmazlığının, Vətənimizin ərazi bütövlüyünün bərpası, 30 ildir ki, bizi gözləyən torpaqlarımızın işğaldan azad olunması üzrə səylərimizin bariz nümunəsidir. Bu gün Prezident, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun uğurlu əməliyyatları ölkəmizin hüdudlarını aşaraq xarici ölkələrdə yaşayan gənclərimiz tərəfindən də diqqətlə izlənilir. Bu günlərdə onların da üzərinə mühüm vəzifə düşür. Bu mənada, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alan, məzun olan tələbələrimiz də Azərbaycanın haqq işini dünya ictimaiyyətinə çatdırmaqla Vətən müharibəsində öz töhfələrini verməkdədirlər. Budəfəki yazımızda Amerika Birləşmiş Ştatları və İtaliyada yaşayan Dövlət Proqramı təqaüdçülərindən Çilanay Səfərli və Fərid Abbasovun adıçəkilən ölkələrdə erməni təcavüzünə qarşı fəaliyyətlərinə işıq salırıq.

 

“Bu qürurlu günləri yaşatdığı üçün ordumuzun və bu işdə əməyi olan hər kəsin qarşısında baş əyirəm”

 

Çilanay Səfərli. Hazırda Amerikanın paytaxtı Vaşinqton şəhərində yerləşən Corc Vaşinqton Universitetində “İnsan və şirkət inkişafı” proqramında doktorantura təhsili alır və  “Azərbaycanın dövlət qurumlarında qadınlarda lider kimliyinin inkişafı” adlı dissertasiya işi yazır.

 

- Hazırda xalqımızın və ölkəmizin üzləşdiyi çətin, amma bir o qədər də şərəfli və tarixi günlərdə Amerikada yaşayan bir azərbaycanlı olaraq öz üzərimə düşən vəzifəni şərəflə yerinə yetirməyə çalışıram. Biz Vətəndən çox uzaq olsaq da, ürəyimiz daima onunladır və bu günlərdə xalqımızla birgə sevinib, birgə üzülürük. Öncə onu qeyd edim ki, Amerikada yaşadığım son 6 il ərzində həmişə Azərbaycanın, onun tarixinin və mədəniyyətinin təbliği ilə məşğul olmuşam. Elə bu səbəbdən 2015-ci ildə  universitetimizdə digər həmvətənlərimlə birlikdə ilk Azərbaycanlı Tələbələr Assosiasiyasını yaratmışıq.  Bu assosiasiya bizə universitetin bütün tədbirlərində, eləcə də Vaşinqton ərazisində keçirilən tədbirlərdə Azərbaycanı layiqincə təbliğ etməyə kömək edir. İndiyə qədər keçirilən bir çox tədbirlərdə  universitet rəhbərliyi və digər rəsmi qurumların rəhbərləri iştirak edib. Bu, iştirakçılara Azərbaycan, onun tarixi və mədəniyyəti barədə məlumatlar əldə etmək fürsəti verib. Təbii ki, bu tədbirlərin hər birində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun düşmən tərəfindən işğalı və Ermənistanın beynəlxalq hüququ necə pozduğu vurğulanıb.

 

Qarabağla bağlı hadisələr bu ilin yay ayından  kəskinləşdikdən sonra isə bu fəaliyyətimizi daha da artırmışıq. Digər icma nümayəndələrimizlə  birlikdə bu ilin iyun ayından  2 dəfə Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında keçirilən dinc etiraz yürüşlərində iştirak etmiş, Azərbaycandakı mövcud vəziyyətlə bağlı Amerika senatorlarını, konqresmenlərini məlumatlandırmaq məqsədi ilə onlara  U.S. Azeris Network (USAN) tərəfindən hazırlanan məktubları göndərmiş, əsasən erməni mediasının yaydığı yalan məlumatların qarşısının alınması üçün yerli kanallara zənglər etmiş və emaillər göndərmişəm.  Ağ Evin qarşısında keçirilən dinc aksiyamızda isə Azərbaycan həqiqətlərini Vaşinqtonda yaşayan əhaliyə çatdırmaq üçün çıxış etmişəm. Yalan məlumatlarla amerikalıları özlərinin məsum olduğuna inandırmaq istəyən ermənilərin əsassız iddialarına qarşı həmişə sərt mövqeyimi göstərmişəm. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884  saylı Qətnamələrinin bu günə qədər yerinə yetirilmədiyini ətrafımda olan bütün amerikalıların diqqətinə çatdırmışam.  Eləcə də Ermənistanın mono-etnik siyasət yürütdüyünü, nə Ermənistan ərazisində, nə də ki, işğal olunmuş ərazilərimizdə bir nəfər belə olsa azərbaycanlının yaşamadığı haqda onları məlumatlandırmışam. Ermənistandan fərqli olaraq, Azərbaycanda  hazırda çoxlu sayda erməninin yaşadığını həmişə qeyd edirəm. 

 

Bir dissertant kimi həmişə Dağlıq Qarabağ müharibəsi barədə məlumat verərkən gətirdiyim arqumentlərin  tarixi və sosio-mədəni reallıqlara əsaslanmasına xüsusi önəm verirəm. Sosial mediada həqiqətləri yanlış təqdim edən və manipulyasiya edən, vəziyyəti daha da gərginləşdirən qərəzli xəbərlərdən, ritorikadan fərqli olaraq burada yaşayan insanları həmişə münaqişə barədə fikir yürütməmişdən əvvəl həqiqəti yoxlamağa, münaqişənin köklərini beynəlxalq mənbələrə istinad edərək araşdırmağa çağırıram.

 

Biz bu mübarizədə haqlı tərəfik və son qarış torpağımızı geri qaytarana qədər istər cəbhədə, istər informasiya müharibəsində sonuna qədər mübarizə aparmaq hər bir azərbaycanlının borcudur. Bu prosesdə tam qələbə qazanana qədər yorulmaq olmaz. Çünki Qarabağ bizim yalnız qan yaddaşımız deyil, Qarabağ həm də bizim milli kimliyimizin ən həssas yeridir və bu milli kimliyimizin, özgüvənimizin tam bərpası üçün itirilmiş torpaqlarımızı düşməndən azad etməliyik, necə ki, edirik. Bizə bu qürurlu günləri yaşatdığı üçün ordumuzun və bu işdə əməyi olan hər kəsin qarşısında baş əyirəm.

 

“İtaliya prezidentinə, parlamentə, baş nazirə, xarici işlər nazirinə öz bəyanatımızı ünvanlamışıq

 

Fərid Abbasov. İtaliyanın La Sapiensa Universitetində təhsil alıb. 2012-2019-cu illərdə Azərbaycan - İtaliya  Gənclər Birliyinin sədri olub. 2019-cu ilin mayında Diaspora Komitəsinin  sədri Fuad Muradovun iştirakı ilə keçirilən Azərbaycan - İtaliya Koordinasiya Şurasının təsis toplantısında Roma üzrə əlaqələndirici seçilib. Daha sonra İtaliya - Azərbaycan Birliyi təsis olunub. F.Abbasov Birliyin sədridir.   İtaliya - Azərbaycan birliyi koordinasiya şurasının  tərkibində İtaliyada fəaliyyət göstərən 4 təşkilat var.   

 

- Azərbaycanı tanıtdırmaq, təbliğatını aparmaq üçün indiyə kimi İtaliya universitetləri ilə çalışmışıq. Bu çərçivədə  Xocalı ilə bağlı hər il müxtəlif formalı fləşmoblar, mitinqlər həyata keçirilib.

 

 

Tovuz  hadisələri zamanı İtaliya parlamentinin qarşısında mitinq keçirdik. Mitinqdə mindən artıq iştirakçı var idi. Oktyabrın 15-də isə yenə erməni təcavüzünə qarşı  parlamentin qarşısında böyük etiraz aksiyası həyata keçirildi. Bu aksiya digərlərindən onunla fərqli idi ki, aksiyada İtaliya universitetlərinin professorları, yerli sakinlər də iştirak edirdi. Onlar  bizə dəstək olmağa gəlmişdi. Aksiyada  “Napoli - Bakı” Assosiasiyasının prezidenti Cuzeppe Kanilia, İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti xanım Manuela Traldi, professorlar, İtaliya vətəndaşları və mən də çıxış etdik. Biz cəbhəyanı bölgələrdə erməni silahlı qüvvələrinin dinc sakinlərə atəş açması və onların şəhid olması ilə bağlı etirazımızı bildirdik. İtaliya prezidentinə, parlamentə, baş nazirə, xarici işlər nazirinə öz bəyanatımızı ünvanlamışıq.  Azərbaycan-İtaliya Birliyi olaraq buradakı müxtəlif beynəlxalq təşkilatlara, QHT-lərə  öz mövqeyimizi çatdırmışıq. Həmçinin  İtaliya KİV-də Ermənistanın ölkəmizə qarşı davam edən işğalçılıq siyasəti ilə bağlı məqalələrlə çıxış etmişəm.  “Roma kapitoliya”  radiosuna   müsahibə vermişəm.

 

Hazırda yeni bir dinc aksiyaya hazırlaşırıq. Bu dəfə şəhid olan  sakinlərimizi İtaliyanın Venetsiya, Milan, Turin, Messina, Boloniya kimi digər böyük şəhərlərində aksiyalarla, fələşmoblarla yad etməyi nəzərdə tuturuq. 

  

Bir azərbaycanlı gənc olaraq cəbhədən gələn sevindirici xəbərlər, torpaqlarmızın işğaldan azad olunması  bizi qürurlandırır. Daim sosial şəbəkələrdə, Ali Baş Komandanın tvitter səhifəsindən yeniliklər gözləyirik. Rəsmi qurumların  məlumatlarını izləyirik. Həmin məlumatları italyan dilində ictimaiyyətə çatdırmağa çalışırıq. Bu tarixi günləri fərəh hissi ilə yaşayırıq. Biz çox qürurluyuq.

 

Xaricdə yaşayan bir gənc olaraq bu qələbələri digər çoxsaylı dostlarımla İtaliya  cəmiyyətinə paylaşanda onlar da Azərbaycanın regionda söz sahibi, aparıcı ölkə  olduğunu qeyd edirlər. Biz də bununla  qürur duyur və fərəh hissi keçiririk.

 

Oruc MUSTAFAYEV

Azərbaycan müəllimi