https://www.zirve.edu.az/
22.10.2020 10:02
Universitetlər arasında ilk – Tələbələrə “Teledərs”lər bu cür keçirilir – AÇIQLAMA

 

 

Pandemiyadan  müdafiə məqsədi  ilə aprel ayından etibarən ali təhsil müəssisələrində  dərslər distant  şəkildə  davam etdirilir.

 

Hazırda ölkə ərazisində internetin məhdudlaşdırılması səbəbi ilə distant dərslərin  keçirilməsi  müvəqqəti olaraq dayandırılıb.

 

AzEdu.az  xəbər verir ki, buna  baxmayaraq  Bakı  Mühəndislik  Universitetində  həyata  keçirilən “Teledərs” layihəsi vasitəsi ilə tələbələr  proqrama uyğun şəkildə dərslərini davam etdirirlər.

 

Universitetin  İctimaiyyətlə  Əlaqələr  şöbəsinin  müdiri  Elman Babayev bildirib ki, bu layihənin həyata  keçirilməsinin əsas səbəblərindən biri də pandemiya şəraitində  tədrisə  marağın  azalmamasıdır:

 

“Mövcud pandemiya vəziyyəti ilə əlaqədar olaraq digər ali təhsil müəssisələrində olduğu kimi Bakı Mühəndislik Universitetində (BMU) də təhsil distant formada həyata keçirilir. BMU-nun  əsasən, mühəndis kadrların hazırlığını həyata keçirdiyini nəzərə alaraq qeyd etmək vacibdir ki, bu sahədə elə fənlər var  ki, onların tədrisi distant təhsil zamanı çətinlik yaradır. Bu səbəbdən xüsusi ixtisasları, eləcə də laboratoriya şəraitində öyrədilməsi zəruri olan fənnləri teledərs formatda təqdim etməyi qərara aldıq. Digər tərəfdən isə BMU mövcud pandemiya şəraitində tədrisə marağın azalmaması məqsədilə “Teledərs” layihəsini həyata keçirir.

 

Şöbə müdiri  teledərslərin  formatı və təqdimatından söz açıb:

 

“Teledərslər BMU-nun saytında “Teledərs” (https://beu.edu.az/az/page/teleders-190/) bölməsində təqdim edilir. Hər həftə bu bölməyə yeni dərslər əlavə edilir. BMU-da tədrisin 70 faizə yaxın ingilis dilində olması nəzərə alınaraq teledərslər bu dildə hazırlanıb. Vurğulamaq yerinə düşər ki, Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ingilis dilində teledərslər BMU-da təşkil olunub.

 

Teledərslər daha çox hansı  ixtisas fənlərini  əhatə edir?

 

“Teledərslər bütün fakültələri (Mühəndislik, Pedaqoji, İqtisadiyyat və idarəetmə, Memarlıq və inşaat) və daha çox onlayn keçirilməsi çətinlik törədən xüsusi ixtisasları, həmçinin laboratoriya şəraitində öyrədilməsi zəruri olan fənnləri əhatə edir. Konkret olaraq layihənin icrası ilə bağlı müddət nəzərdə tutulmayıb və bunu davam etdirmək niyyətindəyik.

 

O, tələbələrin rahat şəkildə teledərslərdən faydalanması üçün görülən işlərdən bəhs edib

 

“Teledərslərin rahat formada və istənilən zaman izlənilməsi məqsədilə BMU-nun saytında “Teledərs” bölməsi yaradılıb.  Bununla tələbələr praktik-təcrübi laboratoriya işlərini daha rahat və istənilən zaman izləyə, həmçinin dil bacarıqlarını təkmilləşdirə bilərlər.

 

 

“İndiki şəraitdə hər iki formada təqdim olunan dəsrlər əlverişlidir və tələbələrin tədrisinə xidmət edir. Fərqlərə diqqət yetirsək, görərik ki, distant təhsil zamanı tələbələrdən cədvəl əsasında iştirak tələb olunursa, teledərslərdə belə bir tələb yoxdur. Zaman baxımından seçim tələbələrin öz ixtiyarındadır. Digər fərq isə odur ki, onlayn tədris zamanı texniki səbəblərdən internet kəsilməsi və ya zəifləməsi müşahidə oluna bilər, amma teledərslərdə belə bir problem yaranmır. 

                  

 Teledərslərin konkret olaraq neçə tələbəni əhatə etdiyini demək bir qədər doğru olmaz. Çünki bu dərslərdən təkcə BMU-da ingilis dilində tədris alan tələbələr deyil, həmçinin eyni ixtisaslar üzrə təhsil alan digər universitet tələbələri də yararlana bilirlər”.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin qərarına əsasən ölkə üzrə ümumi  təhsil müəssisələrində  19 Oktyabrdan  - 2 Noyabra- dək  tətil elan edilib.

 

Ayşən Mustafayeva
Müəllifin digər yazıları