Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-21 15:38:00
Zəngilan məktəbinin direktoru: “Dərsləri qorxu içində keçirdik”

 

 

 

27 illik həsrətdən sonra Zəngilan rayonu 20 oktyabr 2020-ci ildə düşmən tapdağından azad edildi.

 

 

Bu xəbər hamını qürurlandırdığı kimi  Zəngilan ərazisində yaşayan təhsil işçilərinin də böyük sevincinə səbəb olub.

 

 

Belə ki, artıq Zəngilan məktəbləri qaçqın məktəbi kimi deyil, doğma Zəngilanda fəaliyyətlərini davam etdirəcəklər.

 

AzEdu.az-a danışan Zəngilan rayon Havalı kənd tam orta məktəbinin direktoru Nazim Dünyamalıyev  Zəngilanın azad edildiyi üçün bütün xalqımızı təbrik edir.

 

 

Direktor işğal illərinə qayıdaraq o çətin günlər haqqında danışır:

 

 

“Məktəblərimiz 1992-1993-ci illərdə  çox gərgin vəziyyətdə fəaliyyət göstərirdi. Bir sıra rayonlarımız işğal edildiyi üçün Zəngilan da blokada şəraitinə düşdü. Təəssüf ki, o, ən  son işğal edilən bölgə oldu. Həmin illərdə Füzuli , Ağdam və Cəbrayıl istiqamətində torpaqlar ələ keçirildiyi üçün Zəngilana da ümid az idi. Təhsil həmin illərdə dayanmasa da, fasilələrlə fəaliyyət göstərirdi. Ordumuzun bizi qorumasına   baxmayaraq, ermənilər ərazimizi Qubadlı istiqamətindən top atəşinə tuturdular. Ona görə də  qorxu içərisində  şagirdlərimizi təhsildən yayındırmamağa çılışır və dərslərimizi keçməyə davam edirdik. Lakin  həmin dövrdə hiss edirdik ki, vəziyyət gərgin və ağırdır. Çünki digər ətraf ərazilərdə olan rayonlarımız işğal edilmişdi. Ordumuz cəfakeşlik göstərsə də,  ağır günlərin gələcəyini hiss edirdik. 1993-cü il 29 oktyabrda Zəngilan torpağını tərk edib, qaçqın kimi Azərbaycanın müxtəlif rayonlarına səpələndik.

 

Məktəblərimiz həmin zamanlardan müxtəlif adlar altında fəaliyyət göstərir. O zaman Zəngilan rayon Havalı kənd tam orta məktəbi  1993-cü ilin sonuna kimi həmin adla fəaliyyət göstərsə də, sonradan  Zəngilan rayon 16 saylı  Havalı kənd tam orta məktəbi kimi fəaliyyətini davam etdirdi. Həmin illər ərzində məktəb Sabirabad rayonu ərazisində yerləşirdi və mən həmin təhsil müəssisəsinin direktoru  kimi ona rəhbərlik edirdim. Sonra isə iş həyatımı Zəngilan rayon təhsil şöbəsində davam etdirdim. Zəngilan məktəbləri işğal illərində də fəaliyyət göstərdi. Həmin illərdə təhsil müəssisələri işini dayandırmır və  tədris davam edirdi.

 

Lakin kəndlərimizin çoxu ermənilər tərəfindən işğal edildikdən sonra biz Araz istiqamətindən, İran İslam Resplikasından keçərək ölkəmizə gəldik. İmişli ərazisindən bizi digər  bölgələrə yerləşdirdilər. O zaman  mən də bu  prosesində iştirak edirdim. Hadı Rəcəbli və Arif Rəhimzadə  bizi qəbul etdilər. Onlar  İmişli Rayon İcra hakimiyyətinin binasında zəngilanlıları qarşıladılar. Təyinatlar üzrə kimin hara gedəcəyi müəyyən edildi.  Bir müddət Sabirabada məskunlaşdıq, sonra isə oradan  Xırdalana keçdik və  “Qaçqınkom”un xətti ilə bizə bina verildi. Zəngilan Rayon İcra hakimiyyətinin binası da orada fəaliyyət göstərdi. Hazırda ölkəmizdə Zəngilan qəsəbəsi mövcuddur. Bu bölgəya aid bütün aidiyyatı qurumlar da burada yerləşir. Məktəblərimiz  Sabirabad, İmişli,  Gəncə, Sumqayıtda deyil,  inşallah ki, öz doğma torpaqlarımızda fəaliyyət göstərəcək. Təhsilimizi yenidən öz doğma diyarımızda  davam etdirəcəyik”.

 

Nazim Dünyamalıyev direktor fəaliyyətindən söz açıb:

 

“Mənim direktor kimi fəaliyyət göstərdiyim Zəngilan rayon Havalı kənd  tam orta məktəbi  əvvəl Sabirabadda çadır şəhərciyində yerləşirdi. Həmin məktəb şagird və bütün texniki avadanlıq ilə təhciz edilib. Məktəbimizin şagirdlərinin  yüksək göstəriciləri var və respublika fənn olimpiadalarında müəyyən uğurlar  qazanıblar. Prezidentimiz tək zəngilanlılar üçün yox, bütün  rayonların qaçqınlarına görə  qəsəbə saldırıb. Hazırda məktəbimiz Qobu 2-də fəaliyyət göstərir. Mən həmin məktəbin direktoru vəzifəsini icra edirəm.

 

Zəngilan torpağına qayıdan kimi  quruculuq işi ilə məşğul olacayıq. Şagirdlərimizi təcili şəkildə Zəngilana cəlb edəcək,  kommunikasiya şəbəkəsinin qurulmasında iştirak edəcəyik. Dişimiz və dırnağımızla o torpaqlarda  yenidən  qurub-yaradacaq və Zəngilanımızı cənnətə döndərəcəyik”.

 

Bütün Zəngilanlıları təbrik edirik!

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları