https://www.zirve.edu.az/
17.10.2020 14:02
UNEC-də elmi seminarlar davam edir

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan və Ermənistanın iqtisadi inkişaf göstəricilərinin müqayisəli təhlilinə həsr olunan elmi seminarlara start verilib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, bu ali təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu tərəfindən 5 gün davam edəcək seminarlarda iki ölkənin makroiqtisadi, enerji, nəqliyyat, səhiyyə, elm, təhsil, İKT, kənd təsərrüfatı, turizm və digər sektorları, eləcə də Azərbaycan və Ermənistan iqtisadiyyatının beynəlxalq reytinqlərdəki mövqeyi müzakirə olunacaq və müqayisənin nəticələri ictimaiyyətə təqdim edilir.

Xatırladaq ki, seminarın ilk günü oktyabrın 16-da İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, Əməkdar elm xadimi, professor Yadulla Həsənli iki ölkənin makroiqtisadi, enerji və nəqliyyat sektorlarının iqtisadi göstəricilərini müqayisəli təhlil edib. Qeyd olunub ki, Azərbaycan ÜDM (4 dəfə), beynəlxalq ehtiyatlar (20 dəfə), enerji təchizatı (4,6 dəfə), nəqliyyatda yükdaşıma (20 dəfədən çox) sektorları üzrə inkişaf göstəricilərinə görə Ermənistandan dəfələrlə üstündür. UNEC-də aparılmış təhlillərin nəticəsinə əsasən, Azərbaycan iqtisadiyyatının güclü, Ermənistanın isə zəif olduğu bir daha sübut olunub.