https://www.zirve.edu.az/
01.10.2020 14:24
Peşə təhsili müəssisələrində tədris oktyabrın 15-dək distant davam etdiriləcək  

Xüsusi karantin rejimi dövründə peşə təhsili müəssisələrində tədris prosesi oktyabrın 15-dək distant formatda davam etdiriləcək.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata görə, oktyabrın 15-dən etibarən tədris prosesinin hibrid olaraq - əyani və distant formalarda davam etdirilməsi nəzərdə tutulur. Belə ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrində tədrisin əyani formada həftədə 2 dəfə, digər şəhər və rayonlarda yerləşən peşə təhsili müəssisələrində isə həftədə 3 dəfə tətbiq edilməklə uyğunlaşdırılmış tədris planları əsasında həyata keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, distant tədrisin təşkili zamanı əsasən nəzəri modulların və fənlərin tədrisinə üstünlük verilir. Distant dərslər virtual məktəb platforması üzərindən təşkil olunur və 30 dəqiqə davam edir. Sözügedən tədris prosesinin təşkili zamanı, həmçinin teledərslərin izlənməsi xüsusilə təşviq edilir.

 

Əyani tədrisin təşkili zamanı dərslər yarımqruplar şəklində, qrupda tələbə sayı 15 nəfərdən az olduğu təqdirdə isə tam qrup şəklində aparılacaq. Riyaziyyat, Azərbaycan dili, xarici dil və çağırışaqədərki hazırlıq fənlərinin tədrisi əyani formada aparılacaq. Həmçinin tədris dili rus dili olan qruplarda bu dil əyani tədris ediləcək. Dərslər növbəli cədvəl əsasında təşkil olunacaq. Modul və fənnin nəzərdə tutulan ümumi dərs saatları saxlanılmaqla, təlim nəticələri üzrə mövzular birləşdirilərək yarımqruplarda tədris ediləcək. Ümumtəhsil fənləri üzrə əyani dərslər həftədə 3 dəfə tətbiq edildikdə həftəlik əyani tədris 6 saat, həftədə 2 dəfə tətbiq edildikdə 4 saat, rus bölməsi üzrə isə 5 saat təşkil edir. Məlumat üçün bildiririk ki, əyani tədris formasında dərs saatı 30 dəqiqə müəyyən edilir. İstehsalat təlimi və modul üzrə praktiki dərslərdə 2 dərsin birləşdirilərək tədris edilməsi nəzərdə tutulur. Modullar blok formada ayrılmış cəmi dərs saatının miqdarı dəyişmədən onun tədrisinə ayrılan həftələr qısaldılaraq tədris ediləcək. Modul üzrə qiymətləndirmə bütün təlim nəticələrinin tədrisi başa çatdıqdan sonra 2 həftə ərzində aparılacaq.