Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-23 11:35:00
Məktəblərin koronavirus səbəbindən yenidən bağlanmasına ehtiyac var? – RƏY

 

 

“Pandemiyanın orta məktəblərdə geniş yayılması müşahidə edilərsə,  Operativ Qərargah respublikanın bütün ümumtəhsil müəssisələrində tədrisin distant təşkili haqqında qərar qəbul edə bilər”.

 

Bunu AzEdu.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Aqşin Məmmədov deyib.

 

O, tədris müəssisələrində COVİD-19 infeksiyasının yayılması riskindən söz açıb:

 

“Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” qərarına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədris planları təsdiq olunub. Hazırda ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən) təşkil olunur. Ümumi təhsil müəssisələrində koronavirusla bağlı vəziyyətə dair Təhsil Nazirliyinin 21 sentyabr 2020-ci il tarixli məlumatında qeyd olunur ki, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyiblər. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar. Belə vəziyyətdə Nazirlər Kabinetinin müvafiq qərarının 5.4.-cü bəndinə əsasən, hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydaları”na uyğun tədbirlər görülməsi və müvafiq inzibati ərazi vahidinin ərazisində sanitar-epidemioloji vəziyyətin əhalinin sağlamlığına təhlükə yaratdığı barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumatlandırmaqla təhsil müəssisəsinin və ya ayrı-ayrı siniflərin (qrupların) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilməsi zərurəti yaranır. Yəni ilkin mərhələdə koronavirus (COVID-19) pandemiyasının yayıldığı məktəb lokallaşdırıla, tədris bütünlüklə distant (məsafədən) təşkil oluna bilər. Əgər pandemiyanın digər orta məktəblərdə geniş yayılması müşahidə edilərsə, Nazirlər Kabineti yanında Operativ Qərargah respublikanın bütün ümumtəhsil müəssisələrində tədrisin distant təşkili haqqında qərar qəbul edə bilər. Lakin hələlik bu addımın atılmasına ehtiyac yoxdur”.

 

Aqşin Məmmədov vurğulayır ki, bir sıra qaydalara əməl etməklə infeksiyaya yoluxma riskinin qarşısını almaq olar:

 

“Belə bir vəziyyətdə orta məktəb rəhbərliyinin, müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Məktəblərin daxilində sanitar-epidemioloji qaydalara ciddi nəzarət edilməlidir. Eyni zamanda övladlarını məktəbə gətirən və məktəbdən götürən valideynlər də bu məsuliyyəti bölüşməlidilər. Adətən, onlar məktəbin qarşısında toplaşır və sosial məsafəyə riayət etmirlər, bu da pandemiya riskini artırır. İndiki şərtlər daxilində və respublikadakı vəziyyət çərçivəsində ənənəvi (əyani) tədrisin yerini heç nə vermir. Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” qərarı 2020-ci il noyabrın 2-dək qüvvədədir. Bu tarixdən sonra pandemiyanın inkişaf tempindən asılı olaraq digər sahələrdə olduğu kimi tədrisin təşkili barədə də situasiyaya uyğun qərarlar qəbul ediləcək. Əlavə edək ki, Təhsil nazirinin müvafiq əmrinə əsasən, hazırda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunur. Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır. Hazırda dərslər ibtidai siniflərdə epidemioloji vəziyyətdən və məktəbdə şagird sıxlığından asılı olaraq müəyyən edilən qaydada təşkil edilir. Həmçinin dərs cədvəllərinin tərtibatı təhsil müəssisələri tərəfindən həyata keçirilir. Valideynlər övladlarının hansı formada təhsilə cəlb olunması ilə bağlı seçim edə bilirlər”.

 

Qeyd edək ki,  dərs ili başlayandan 21 sentyabradək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyiblər. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar.

 

 Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları