https://www.zirve.edu.az/
18.09.2020 15:58
Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üçün keçirilmiş imtahanlar yekunlaşdı  

2020/2021-ci tədris ili üçün tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün keçirilmiş qabiliyyət imtahanları yekunlaşıb. Avqustun 26-da başlamış imtahanlarda 900-dən çox abituriyent iştirak edib.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, onlardan 269 nəfər məqbul qiymət alıb və ərizələrində xüsusi qabiliyyət tələb edən ixtisasları göstərmək hüququ qazanıb.

 

Bu müddət ərzində 13 Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyası fəaliyyət göstərib. Xatırladaq ki, cari ildə COVID-19 pandemiyası ilə əlaqədar olaraq imtahanlarda kütləviliyin qarşısını almaq məqsədilə orta ixtisas təhsili müəssisələrinin yalnız aşağıdakı ixtisaslarına qəbul üzrə xüsusi qabiliyyət imtahanları keçirilib:

 

- Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin ixtisaslarına;

 

- Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin ixtisaslarına (musiqi nəzəriyyəsi və xor dirijorluğu ixtisasları istisna olmaqla);

 

- Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin xoreoqrafiya sənəti və rəqs müəllimliyi ixtisaslarına;

 

-Naxçıvan Musiqi Kollecinin xanəndəlik, vokal sənəti, aşıq sənəti, xoreoqrafiya sənəti və rəngkarlıq ixtisaslarına;

 

- Digər orta ixtisas təhsili müəssisələrinin xanəndəlik və vokal sənəti ixtisaslarına.