Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-17 16:17:00
Yer üzündə canlıların daha bir kütləvi yox olması dövrü aşkarlanıb  

Hələ dinazavrlar ortaya çıxmamış, 233 milyon il bundan əvvəl, Trias dövrünün sonuna yaxın Karni çağında Yer kürəsində canlıların kütləvi yox olması aşkarlanıb.

 

AzEdu.az  xarici KİV-ə istinadən xəbər verir ki, Uhandakı Çin Yer Elmləri Universitetindən Jakopo dal Korso və Bristol Universiteti Yer Elmləri Məktəbindən Mayk Bentonun rəhbərlik etdiyi 17 nəfərlik tədqiqatçılar qrupu tərəfindən aparılan araşdırmalar nəticəsində ortaya çıxan həmin hadisə Karni rütubətli iqlim mərhələsində baş verib.

 

Alimlərin qənaətincə, həmin vaxt bir çox canlıların yox olmasında hazırkı Şimali Amerikanın şimal-qərb bölgələrində geniş əraziləri əhatə edən Vrangel püskürmələri adı ilə tanınan irimiqyaslı vurlkan püskürmələri mühüm amil olub. Həmin püskürmələr nəticəsində atmosferə atılan böyük həcmdə karbon dioksid həm dünya boyu isinməyə, həm də atmosferin kimyəvi tərkibində xeyli dəyişikliyə səbəb olub.

 

Professor Jakopo dal Korsonun qeyd etdiyinə görə, bunun nəticəsində həm quruda, həm də dənizlərdə biomüxtəlifliyin böyük həcmdə kasadlaşması, bir çox canlı növlərinin yox olması baş verib. Eyni zamanda aralarında dinazavrların da olduğu yeni canlı qrupları ortaya çıxıb, müasir şəklinə yaxın ekosistemlər əmələ gəlib.

 

Bütövlükdə Yer üzündəki həyat tarixinin son 500 milyon ili ərzində sayca altıncı olan Karni hadisəsi həyat təkamülü prosesində mühüm dönüş nöqtəsi, müasir şəklinə yaxın canlıların əmələ gəlməsi baxımdan əlamətdardır.