Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-16 10:12:00
“Pandemiya səbəbindən rayonumuz 700 ballıq nəticə qazana bilmədi” – İsmayıllının təhsil müdiri

 

 

İsmayıllı rayonunda bir sinfin bütün şagirdləri ali məktəbə qəbul olmaq üçün imtahanlarda iştirak edib və 25 şagirddən 23-ü tələbə olmaq hüququ qazanıb. Maraqlısı odur ki, həmin 23 şagirddən beşi 600 baldan yuxarı nəticə göstərib.

 

 AzEdu.az xəbər verir ki, rayon üzrə ali məktəblərə qəbul imtahanlarında iştirak edən 443 abituriyentdən 21-i 600-dən, 46-sı isə 500-dən yuxarı bal toplayıb.

 

Yüksək nəticə əldə edən məktəblər arasında isə şəhər 1 saylı təhsil ocağı xüsusi fərqlənib. Belə ki, İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbin XIa sinfinin məzunları Rəmziyyə Ağazadə, Mövsümağa Mikayılzadə, Tərlan Muradlı, Nigar Məmmədova və Gülnar Məmmədova qəbul imtahanlarında 600-dən yüksək bal toplayıblar. Rayon üzrə ən yüksək nəticəni isə I ixtisas qrupu üzrə 673 balla şəhər 5 saylı tam orta məktəbin məzunu Səbinə Aydınova göstərib.

 

İsmayıllı rayon təhsil şöbəsinin müdiri Rövşən Əliyev AzEdu.az-a açıqlamasında

 

 “2019-2020-ci tədris ili ərzində İsmayıllı rayonu bir neçə göstəricisinə görə rekord nəticə əldə edib. Respublika Fənn Olimpiadasında  9 qalibimiz olub. Onlardan biri Avropa Coğrafiya Olimpiyadasında iştirak edib. Bu, bir rayon üçün çox yüksək göstəricidir. Bakı şəhəri ümumilikdə götürülür deyə, İsmayıllıdan öndədir. Əgər rayonlara bölünsə, sıralamada biz öndə olarıq. “Evdə qalaq, evdə yaradaq” onlayn müsabiqədə İsmayıllı rayonundan 22 şagird qalib oldu. Fövqəladə Hallar Nazirliyinin keçirdiyi “Fövqəladə hallar uşaqların gözü ilə” adlı fotomüsabiqədə 4 şagirdimiz birinci yerə layiq görüldü”.

 

RTŞ müdiri növbəti tədris ilinə hazırlıq prosesindən də danışdı. O, məktəblərin koronavirusa qarşı tam hazır vəziyyətə gətirildiyini bildirdi:

 

“Növbəti tədris ili üçün məktəblər pandemiya şərtlərinə uyğunlaşdırılır. Məktəblər təmizlənir,tibbi vasitələrlə(maska, spirt, termometr və s.) təmin olunur. İsmayıllı rayonunda yerləşən məktəblər əsasən təmir olunub. Bəzilərini bələdiyyələr, rayon təhsil şöbəsinin hesabımıza təmir etdirmişik”.

 

Rövşən Əliyev bildirdi ki, tədris ənənəvi qaydada aparılsaydı, rayondan qəbul imtahanında maksimum bal (700) toplayan abituriyentlər olacaqdı:

 

“Onlayn dərslər üçün müəllimlərlə danışıqlar aparılıb. Bu ay təhsil şöbəsinin işçiləri TİMS proqramı üzərindən keçirilən onlayn təlimlərdə iştirak edəcəklər.  Ümid edirəm ki, növbəti tədris ilinin yekununda İsmayıllı rayonunun göstəriciləri daha yüksək olacaq. Rayonumuzdan bu ilədək 3 abituriyent 700 bal toplayıb. Düşünürəm ki, pandemiya şəraiti olmasaydı, bu il 4-cü 700 bal da toplanacaqdı”.  

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları