https://www.zirve.edu.az/
12.09.2020 13:19
Uşaqların nitq duyumunda beyinin hər iki yarımkürəsi iştirak edir

Alimlər tədqiqat nəticəsində bu qənaətə gəliblər

 

 

Uşaqların nitq duyumunda beyinin hər iki yarımkürəsi iştirak edir

 

Alimlər tədqiqat nəticəsində bu qənaətə gəliblər

 

Nitq duyumu zamanı beyin fəallığının müşahidə edilməsi göstərib ki, böyüklərdən fərqli olaraq uşaqlarda və yeniyetmələrdə hər iki yarımkürə iştirak edir. Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib.

 

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatın müəlliflərindən biri - Vaşinqtonda Corctaun Universitetinin professoru Elissa Nyuportun sözlərinə görə, bu kəşf beyin travması keçirmiş uşaqlar üçün yaxşı yenilikdir. Beyinin hər iki yarımkürəsindən istifadə etməyin mümkünlüyü nəticəsində onlarda itirilmiş funksiya kompensasiya oluna bilər. Məsələn, əgər körpə dünyaya gələndən dərhal sonra beyinin sol yarısında insult keçiribsə, onda nitqin tanınmasında sağ yarımkürə iştirak edəcək.

 

Ənənəvi olaraq hesab edilir ki, beyinin sol və sağ yarımkürələri müxtəlif vəzifələrin yerinə yetirilməsində ixtisaslaşıb. Sağ yarımkürə riyaziyyata və məntiqi təfəkkürə, sol yarımkürə şifahi və yazılı nitqə, yaradıcı qabiliyyətə cavabdehdir. Bu ideyalar beyinin müxtəlif nahiyələrinin zədələnməsinin onun fəaliyyətinə necə təsir etdiyinə dair aparılan eksperiment və müşahidələrlə təsdiqlənir. Məsələn, beyinin Brok mərkəzi və Vernike sahəsi sıradan çıxarsa, insan aydın tərzdə danışmaqdan məhrum olar. Əvvəllər alimlər hesab edirdilər ki, beyin quruluşunun bu xüsusiyyəti unikaldır və insanın fərqləndirici xüsusiyyətidir. Lakin son illər neyrofizioloqların çoxsaylı sübutları bunun heç də belə olmadığını göstərdi. Məsələn, üç il əvvəl okeanoloqlar müəyyən ediblər ki, göy balinalar sağ istiqamətlidir. Habelə kenquruların çoxunda solaxaylıq var. Bundan başqa, 2016-cı ildə alman alimlərin apardıqları tədqiqatlar göstərib ki, hesablama prosesində beyinin hər iki yarımkürəsi iştirak edir.

 

Elissa Nyuport və onun həmkarlarının fikrincə, müəyyən vəziyyətlərdə beyin yarımkürələri bir-birinin funksiyalarını yerinə yetirə bilər.

 

Tədqiqatçılar həm yaşlı könüllülərdə, həm də 12-13 yaşlı yeniyetmələrdə və 4-11 yaş arasında uşaqlarda beyinin fəaliyyətini müqayisə ediblər. Alimlər uşaqlarda və böyüklərdə müxtəlif audioyazıların dinlənilməsi zamanı yarımkürələrin hansı nahiyələrinin fəallaşmasını funksional maqnit-rezonans tomoqrafiya vasitəsilə müşahidə ediblər. Audioyazıların bəzisi heyvanı təsvir edən qısa cümlələrdən, bir qismi həmin yazının sondan əvvələ səsləndirilməsindən, yerdə qalanı isə mənasız səslərdən ibarət olub.

 

Bütün bunları dinləyən könüllülər heyvanın təsviri reallıqla uzlaşdığı halda düyməni basmalı idilər. Bu zaman alimlər beyinin hər yarımkürəsində fəallığın şəklinin dəyişməsini izləməklə, onun nitqin tanınmasında oynadığı rolu anlamağa çalışıblar.

 

Nəticələr göstərib ki, ən balaca uşaqlarda sol yarımkürə nitq səslərinə daha tez reaksiya göstərib. Eyni zamanda, sağ yarımkürə nitq səslərinin tanınmasında fəal iştirak edib. Özü də bu vəzifənin yerinə yetirilməsində yaşı az olan təcrübə iştirakçılarında hər iki yarımkürənin fəallığı daha çox qeydə alınıb. On səkkiz yaşında və daha böyüklərdə bu proses müşahidə edilməyib, yəni nitqin tanınması üçün beyinin yalnız sol yarımkürəsi fəal olub.

 

Professor Elissa Nyuportun fikrincə, uşaq beyinində müvafiq “ikili” xarakter bu fikri söyləməyə əsas verir ki, doğularkən və ya həyatının ilk aylarında beyinin sağ və ya sol yarımkürəsi zədələnmiş uşaqlar danışmaq və ya düşünmək bacarığından məhrum olmurlar.

 

Alimlər yaxın gələcəkdə uşaq vaxtı müvafiq beyin zədəsi almış yaşlıların və yeniyetmələrin beyin fəaliyyətini izləməklə bu nəzəriyyəni yoxlamağı planlaşdırırlar.(Azərbaycan müəllimi)