Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-13 12:15:00
İmtahanların nəticələri ilə bağlı müraciətlərə baxılması üçün elektron ərizə qəbul olunur  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən11-ci sinif şagirdləri üçün iyulun 23 və 24-də keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna başlanılıb.

DİM-dən AzEdu.az-a bildirilib ki, Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər avqustun 13-dən 15-dək apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonra apelyasiya üçün müraciət edə bilməyəcəklər.
Apelyasiya Komissiyasına müraciət etməzdən əvvəl şagirdlər mərkəzin saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar (əvvəlki illərin məzunları isə DİM-in saytında verilmiş linkdən). Ötən illərin təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət edib. Bu tip müraciətlərə baxılmayacaq.

 

Şagirdlər (abituriyentlər) iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən istifadə etməklə sistemə daxil olurlar. Burada “Ev telefonu”, “Mobil telefon”, “E-mail” bölmələrində müvafiq məlumatlar qeyd edilir. “Apelyasiyanın nəticələrinin izahını necə əldə etmək istəyirəm” hissəsində təklif olunan variantlardan biri seçilir. Şagirdin imtahanla bağlı hər hansı xüsusi qeydi varsa, “ümumi qeyd” hissəsinə yaza bilər.

 

Daha sonra tapşırığın nömrəsini və müraciətin məzmununu (yazılı cavabın səhvən başqa tapşırıq üçün ayrılmış yerə yazılması, yazı işinin yenidən qiymətləndirilməsi, cavabın səhv kodlaşdırılması, sual kitabçasına baxılması, tapşırığın şərtinin izah edilməsi) seçməklə istəyinizi aydın şəkildə müvafiq sahələrə daxil edib qarşısındakı “Yadda saxla” şəkil–düyməsinə basmaq lazımdır. Digər tapşırıqlara verdiyiniz cavabların da qiymətlərdirilməsi ilə bağlı iradlarınız varsa, əməliyyatı təkrar edin. Müraciətlərinizi tam formalaşdırandan sonra (müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur) fotoşəklinizin altındakı “Qeydiyyata al” düyməsinə basmaq lazımdır. Verilən məlumatı diqqətlə oxuduqdan sonra “Təsdiq et” düyməsini basmaqla müraciət yekunlaşdırılmış olur. Müraciətlə bağlı araşdırma başa çatdıqdan sonra ərizədə qeyd edilən elektron poçt ünvanına və ya telefon nömrəsinə bağlantının vaxtı barədə məlumat göndəriləcək.
Apelyasiya müzakirəsində şagirdin (abituriyentin) iştirakı vacibdir. Şagird (abituriyent) ilə yanaşı, valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir nəfərin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

 

Müraciətlərə avqustun 17-dən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) qaydada baxılmağa başlanılacaq.