Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-02 13:55:00
Fizika İnstitutunun alimləri təltif olundu-FOTO

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun dövlət mükafatına layiq görülmüş alimləri təltif olunub.  

AzEdu.az xəbər verir ki, institutun direktoru, akademik Nazim Məmmədov, laboratoriya rəhbərləri Nadir Abdullayev, İmaməddin Əmiraslanov və böyük elmi işçi Ziya Əliyevə  Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının döş nişanı və diplomu təqdim olunub.

Mükafatlandırma mərasimi iyulun 1-ində baş tutub. Döş nişanı və diplom alimlərə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən təqdim olunub.

Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən, 2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna görə yuxarıda adları qeyd olunan şəxslər layiq görülmüşdülər.

Qeyd edək ki, 20 dekabr 2019-cu ildə "Nature" jurnalında  nəşr olunan “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna istinadların sayı 100-ü keçib. Həmin məqalə antiferromaqnit topoloji izolyatorunun kəşfi haqqındadır. Bu kəşf  gələcəkdə itkisiz enerji daşınması və digər sahələrdə tətbiq olunması baxımından faydalı olacaq.

Məqaləyə istinadların sayının artması dünya elmi ictimaiyyətinin azərbaycanlı alimlərin işinə verdiyi qiymətdən xəbər verir. İstinadlar dünyanın aparıcı fizika elmi mərkəzlərinin alimləri tərəfindən olunub.