Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-23 15:48:00
 “Distant təhsilə tam keçid edilərsə, qiyabi təhsil formasına ehtiyac qalmayacaq” – Təhsil eksperti AÇIQLADI

“Magistraturaya qəbul qaydaları getdikcə sadələşdirilir. Bu isə öz növbəsində magistraturaya marağı artırır. Son olaraq qəbulun birmərhələli olaraq keçirilməsinə qərar verildikdən sonra müraciət edənlərin sayında çoxluq müşahidə olundu”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi magistratura səviyyəsi ilə bağlı edilən dəyişikliklərə öz münasibətini bildirərkən söyləyib.

 

Onun sözlərinə görə, distant təhsilə tam keçid edilərsə, qiyabi təhsilə ehtiyac qalmayacaq:

 

“8 iyunda magistraturaya ixtisas seçimi başlananda qiyabi təhsil formasının bu il üçün deyil, növbəti il üçün olacağı qeyd olundu. Bu bir qədər insanlarda məyusluq  yaratdı. Amma verilən qərar mövcud pandemiya vəziyyəti ilə əlaqədar distant formalı təhsil sisteminə keçidin də müəyyən olacağını inkar etmir deyərdim. Əgər belə olarsa, o zaman qiyabi təhsil formasına ehtiyac qalmayacaq”.

 

Elçin Əfəndinin fikrincə, distant təhsil qiyabidən daha üstündür. Bu səbəbdən magistratura səviyyəsini daha çox bu formada təşkil etmək lazımdır:

 

“Magistratura üzrə oxumaq  istəyən şəxslər, əsasən, əmək fəaliyyəti ilə məşğul olurlar. Onlar üçün ən uyğun təhsil forması qiyabi formadır. Amma distant təhsil qiyabidən daha çox sərfəli və səmərəli təhsil formasıdır. Düşünürəm ki, ümumiyyətlə, bu formanı təsdiq etmək və magistratura təhsilini yalnız əyani deyil, daha çox distant formada təşkil etmək lazımdır. Belə olan halda maraq da artar və insanlar üçün də əlçatan olar.  Düşünürəm ki, mövcud qəbul qaydaları, müsabiqə şərtləri  magistratura üzrə təhsil almaq istəyən bakalavrlar üçün əlverişlidir. Sadəcə bəzi ATM-lər yaxşı olardı ki, təhsil haqlarını bir qədər aşağı etsinlər. Belə olan halda magistratura üzrə təhsil, ümumiyyətlə, əlçatan olar və maraq daha da artar”.