https://www.zirve.edu.az/
31.05.2020 15:21
BMT 9 sentyabrı Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü elan edir
Çap et

Birləşmiş Millətlər Təşkilatının  (BMT) Baş katibi António Guterres Baş Assambleyanın 9  sentyabr tarixinin Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü elan etməsi barədə yekdil qərarını alqışlayıb.  O,   YUNESKO və UNİCEF-i münaqişədən zərər çəkmiş ölkələrdə yaşayan milyonlarla uşağın acınacaqlı vəziyyəti barədə məlumatlı olmağa çağırıb.

 

"Qlobal ictimaiyyət  COVID-19 pandemiyası ilə mübarizə apardığından  münaqişə zonalarında olan uşaqlar və gənclər onun dağıdıcı nəticələrinə çox  həssas şəkildə  məruz qalırlar. Uşaqlarımıza gələcəkdə ehtiyac duyduqları bilik və bacarıqları əldə edə biləcəkləri bir mühiti təmin etməliyik",-  deyə  Baş katib bildirib. 

 

BMT bu gün pandemiyaya məruz qalan 35 ölkədə yaşayan 3 yaşından 18 yaşa qədər 75 milyondan çox uşağın acınacaqlı durumuna, bu uşaqların təhsil almaları üçün təcili olaraq dəstəklənməsinə diqqət çəkir.  Eyni zamanda davamlı zorakılığın bu uşaqlara təsiri və onların təhsil almaq qabiliyyətindən narahatlığını ifadə edir. Bu cür halların nəticələri təhsil müəssisələrinin COVID-19 pandemiyası ilə əlaqədar müvəqqəti bağlandığı şəraitdə təhsilalanların ehtiyaclarından kənara çıxan xüsusi diqqət tələb edir.

 

YUNESKO - nun Baş direktoru Odre Azule Baş Assambleyanın qərarını alqışlayaraq bildirib ki,  məktəblər münaqişələrdən və zorakılıqdan azad olan təhlükəsiz yerlərdə qalmalıdırlar: "Bizim ümumi gələcəyimiz, həmçinin inkişaf sahəsində bütün məqsədlərə nail olmağımız bundan asılıdır. Silahlı münaqişələr zamanı bütün səviyyələrdə təhsil müəssisələrinə hücumların baş verməsi ilə əlaqədar BMT  tərəfindən Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Gününün elan edilməsi  irəliyə doğru atılmış mühüm addımdır: biz bu təşəbbüsə və bu qətnaməni dəstəkləyən bütün üzv dövlətlərə təşəkkür edirik. Bu, xüsusilə COVID -19 pandemiyası kontekstində məktəblərin təhlükəsizliyi və rifahı təmin edən yerlər kimi dəyərini göstərmək baxımından xüsusilə aktualdır. YUNESKO təhsil hüququnu təmin etmək və təhlükəsiz məktəbləri hamı üçün reallığa çevirmək məqsədilə bütün tərəfdaşlarla birlikdə hərəkət etmək əzmindədir: hər yerdə və hər zaman".
 

Baş Assambleyanın qətnaməsi hökumətlərin təhsilin bütün səviyyələrində olan, xüsusilə də həssas qruplara aid bütün şagirdlər üçün inklüziv,  ədalətli, keyfiyyətli təhsilin qorunması və təmin edilməsi üçün əsas məsuliyyət daşıdığını təsdiq edir. Qətnamədə, həmçinin məktəb, şagird və müəllimlərin hücumlardan qorunması, uşaqların təhsil almaq imkanlarına mane olan halların aradan qaldırılması, silahlı münaqişə vəziyyətlərində təhsilə çıxışın asanlaşdırılması üçün bütün mümkün tədbirlərin görülməsi,  məktəblərdə təhlükəsiz şəraitin yaradılması məqsədilə  səylərin gücləndirilməsi  və bu istiqamətlərdə maliyyələşmənin həcminin artırılmasının vacibliyi  qeyd olunur.

 

Bildirilir ki, YUNESKO və UNİCEF hər il  Təhsil Gününün   Birləşmiş Millətlər Təşkilatı sistemi çərçivəsində və onun hüdudlarından kənarda tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində keçirilməsinə kömək edəcəklər.
 

Təhsilin Hücumlardan Müdafiəsi Beynəlxalq Gününü elan edən BMT bu qərarla məktəblilərin və müəllimlərin müdafiəsinin,  təhlükəsizliyinin  vacibliyini, eləcə də təhsilin ictimaiyyətin diqqət mərkəzində saxlanılmasının mühüm olduğunu  açıq şəkildə bəyan edir. Hökumətlər dünyada təhsilalanların 90%-dən çoxu üçün məktəblərin bağlanmasına səbəb olan COVID-19 pandemiyasına qarşı mübarizəni   davam etdirərkən bu vəzifə  prioritet olaraq qalacaq.  


Qeyd edək ki, qərarla bağlı qətnamə Qətər dövləti tərəfindən qəbul edilib  və 62 ölkə tərəfindən dəstəklənib.

 

en.unesco.org/news/new-day-focuses-protecting-education-attack (Azərbaycan müəllimi)