https://www.zirve.edu.az/
16.05.2020 18:12
9 dildə sərbəst danışan Aslan: “Hər birini özüm təkbaşına öyrənmişəm”-SÖHBƏT 
Çap et

 

 

“Düşünürəm ki, bu dünyada hər kəsin bir missiyası  var. Mənim missiyam da öyrənmək, özümü şəxsi inkişaf etdirmək, təcrübə qazanmaq və qazandığım positiv bilik və təcrübələri insanlarla paylaşmaqdır.

 

Aslan Məmmədzadə aiddir bu sözlər... Hansı Aslan?- Bu saat deyək, ya da özünün diliylə bir neçə cümləlik tanıtımını edək:

 

“Şəxsi və işgüzar həyatımda 9 müxtəlif dildən istifadə edirəm: Rus, türk, ingilis, fransız, ispan italyan, alman, polyak dillərini  akedemik səviyyədə öyrənmişəm. Müxtəlif ölkələrdən olan insanlarla   bu dillərin mənimsənilməsi prosesini işləyib həyata keçirirəm.

 

 

AzEdu.az poliqlot, təlimçi və mentor Aslan Məmmədzadənin qısa söhbəti təqdim edir.

 

 

-9 dildə səlis danışırsınız. Bir dili öyrənmək üçün öncə nədən və necə başlamaq lazımdır?

 

-Son 10 ilimi bu suala həsr etmişəm. Daha doğrusu, onun cavabının axtarışına…

İndisə yalnız bunu deyə bilərəm: bir dili öyrənmək üçün əvvəlcə onu duymaq çox vacib şərtlərdən biridir.

 

-Bəs , sonrakı proses?  Əsas mənimsəmə metodları hansılardı?

 

-Elmi araşdırmalar da sübut edir ki, nə əzbərçilik, nə də canlı ünsiyyət  dili mənimsəməkdə əsas rol oynamır. Oxumaq və dinləmək vasitəsilə biz bütün dilləri öz ana dilimiz kimi mənimsəyə bilərik. Əlbəttə qrammatika və lüğət öyrənib müəyyən baza yaratdıqdan sonra danışığa fokuslanmalıyıq. Eyni zamanda insanlara individual yanaşma lazımdır. İndividual yanaşma dedikdə mənimsəmənin müxtəlif metodlarla həyata keçməsi nəzərdə tutulur. Bəzi insanlar musiqiylə, bəziləri isə hekayə kitabları oxumaqla, film izləməklə mənimsəyə bilər.

-Dil öyrənmək üçün xüsusi hazırlıq kurslarına mütləq ehtiyac varmı?

 

-Bu sualın mürrəkkəb  cavabı var:  Dil öyrənmə zamanı hazırlıq kurslarına həm getmək, həm də getməmək lazımdır. Əvvəlcə niyə getməli olduğumuzu izah edim: Biz kursa getdiyimiz zaman bu sahə üzrə peşəkar bir müəllimlə işləyirik. Həmin müəllim bir çox tələbə və şagirdlə  çalışır. O, peşəkar karyerasında qazandığı təcrübələri bölüşərək tələbələrə istiqamət və motivasiya verir.  Müəllim bu prosesi daha sürətli həyata keçirir, bələdçiliyi ilə öyrənmə prosesi tezləşir.

 

Hazırda müasir dövrümüzdə  internetdən istifadə etdiyimiz zaman qarşımıza bir çox elektron resurslar çıxır. Biz onlardan  istifadə edərək istənilən dili mənimsəyə bilərik. Mən şəxsən ingilis dilindən savayı 8 dili özüm öyrənmişəm. Bu dilləri öyrənmək mənim çox vaxtımı alıb. Bəlkə də mənə nəzarət edən bir bələdçi olsaydı, daha sürətli öyrənərdim. Amma onları təkbaşına  mənimsəməyim mənə daha dərin bir təcrübə qazandırıb. Bu proses əsasında yüzlərlə səhv etmişəm. Etdiyim səhvlərdən nəticə çıxararaq insanın beyninin dilləri necə mənimsəməsi haqqında dərin araşdırmaya sahib olmuşam.

 

-İnsan bir dili öyrənməyə çətinlik çəkir. Siz 9 dili öyrənib necə yadda saxlamısınız?

 

 -Motivasiyası yüksək olan hər kəs istədiyi qədər dil öyrənə bilər. Dil öyrənmək mürəkkəb prosesdir. Buna görə motivasiya böyük əhəmiyyət kəsb edir. 4-5 ay öz üzərimizdə mütəmadi olaraq işləmək vacibdir. Bu zaman müddətində iradəli və motivasiyalı olmaq lazımdır. Mənim ən böyük motivasiyam beyini araşdırmaq idi. Mən hazırda dil öyrənməyə davam edirəm ki, araşdırmamı genişləndirim.

 

-Sıfırdan dil öyrənmək istəyənlər üçün nə kimi təklifləriniz var?

 

-Sıfırdan bir dili öyrənmək üçün əvvəlcə bu sualı özümüzə verməliyik: Bizim bu dili öyrənməkdə məqsədimiz nədir? Əgər bizim hədəfimiz işdə, peşəkar həyatda insanlarla ünsiyyət qurmaqdırsa o zaman biz əvvəlcə feilləri öyrənməliyik. Çünki kommunikasiya feil deməkdir. Mütəmadi istifadə etdiyimiz feillər çox deyil. Biz gündəlik həyatımızda 30-40 feil işlədirik. Bu feillərin siyahısını çıxartmaq lazımdır.  Bu feilləri öyrəndikdən sonra onların zamana görə dəyişməsini mənimsəmək lazımdır. Bu feilləri praktiki kiçik cümlələr quraraq asanlıqla öyrənə bilərik. Vacib nüanslardan biri doğru seçilmiş sözləri lakonik cümlələrdə öyrənmək vacibdir. Digər təklifim odur ki, motivasiyalarını yüksək tutsunlar və istədikləri dili öyrənə biləcəklərinə inansınlar.

 

 

 

 

Ülkər Abdurahmanlı
Müəllifin digər yazıları