https://www.zirve.edu.az/
20.04.2020 16:33
“Yaşadığım yer çox təhlükəsizdir, ölkəyə qayıtmaq fikrim yoxdur” - Macarıstandakı tələbəmiz
Çap et

 

 

“Mən Macarıstanın ən qərbində, Avstriya ilə sərhəddə yerləşən Kőszeg adlı kiçik bir şəhərdə yaşayıram. Şəhər paytaxtdan xeyli uzaqdadır və Macarıstanın ən az yoluxan bölgələrindən biri olan Vas (Vaş) vilayətində yerləşir. Ölkənin hər yerində olduğu kimi burada da fövqəladə vəziyyət elan edilib. İnsanlara bayıra ancaq zəruri olduqda çıxmaq tövsiyə olunur və kütləvi tədbirlərin hər biri ləğv edilib”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Macarıstanın Pannonia Universitetində Beynəlxalq Münasibətlər üzrə magistr təhsili alan Ravid Tağıyev söyləyib:

 

 

Onun sözlərinə görə, Avropanın digər bölgələrindən fərqli olaraq, Macarıstanın bu şəhərində küçəyə çıxdıqda insanlara heç bir cəza tətbiq olunmur:

 

 

“Bayırda çox az sayda insan görmək mümkündür, lakin küçəyə çıxanlara cərimə tətbiq edilməsi və ya icazə ilə çıxmaq rejimi mövcud deyil. Digər insanların olduğu qapalı məkanlara girərkən maska taxılması məcburidir. Misal üçün, marketlərdə eyni tələbə riayət olunur. Yeri gəlmişkən, onu da deyim ki, mağazalara 09:00-12:00 arasında ancaq 65 yaşdan yuxarı şəxslərə giriş icazəsi var. Digər yaş qrupları ancaq 12-dən sonra marketlərdən istifadə edə bilər.

 

Virusun yayılmaması üçün fövqəladə vəziyyət elan edilib və sərhədlər qapadılıb. İctimai yerlərdə və marketlərdə məlumatlandırıcı lövhələr və işarələr yerləşdirilib. Bizim şəhərin meriyası hər bir evə, poçt qutusuna yerləşdirməklə, 5 ədəd tibbi maskaların paylanılmasını həyata keçirdi. Sosial məsafənin qorunması üçün ictimai və sıra tələb edən  bütün yerlərdə işarələr qoyulub”.

 

Həmyerlimiz virusun yayıldığı ilk vaxtlarda ərzaq və tibbi ləvazimat əldə etməkdə çətinlik çəkdiklərini, hazırda isə bu problemin həll olunduğunu qeyd edib:

 

“Mağazalarda vəziyyətin pisləşməyə doğru getdiyi ilk günlərdə, yəni mart ayının əvvəllərində bəzi ərzaqların əldə edilməsində cüzi qıtlıq yaşandı. Bu isə böyük ehtimalla, tələbin həmişəkindən bir az artmasına görə olmuşdu. Bu hal 3-5 gün çəkmədən sonra isə bütün ərzaqlar tamamilə bərpa olundu. Ancaq deməliyəm ki, insanlar da külli miqdarda ərzaq alınmasına meyl etmirdilər. Ümumiyyətlə, buraya ilk gəldiyim gündən fikir vermişəm ki, bu şəhərdəki insanlar adətən 7-10 günlük ərzaqlarını əvvəlcədən alırlar. Düşünürəm ki, ona görə də vəziyyətin belə olması ərzaq alınması davranışlarında çox da böyük dəyişikliyə səbəb olmadı.

 

Tibbi ləvazimatlarda daha çox qıtlıq yaşandı, çünki bir neçə aptekdən maraqlansaq da, tibbi maska və spirt tərkibli əl təmizləyicilər ala bilmədik. Daha sonra yataqxanamızda qalan bir şəxs vasitəsilə əldə edə bildik. Ona görə sonra almağa çalışmadıq, ancaq başqa bir şəxs sonradan həmin apteklərdə gedib tapdığını bildirmişdi. Yəqin ki, tələbə görə gətiriblər. Spirt tərkibli əl təmizləyicisini isə universitetimiz yataqxanamız üçün təmin edib. Ümumiyyətlə, istər kitabxana, istərsə də universitet nəzarətində olan digər binaların hər birində eyni əl təmizləyicilər yerləşdirilib”.

 

“Bizim universitetdə dərslər evdən davam etdirilir və hər dərs müəllimlərin özləri tərəfindən təşkil edilir. Bəzi müəllimlər videogörüntülü dərslərə üstünlük verir, digərləri isə oxu materialları əsasında araşdırmaların aparılması və ya dərsdə imişik kimi şərhlər, reaksiya və suallarımızdan ibarət yazıların təqdim edilməsini tələb edir. Yaxşı tərəfi odur ki, dərslərin metodu, cədvəli və qiymətləndirilməsi əvvəlcədən bizə təqdim edilir. Biz tələbələri nəsə qane etməsə və çətin gəldiyini düşündüyümüz nöqtələri birbaşa müəllimlər ilə e-mail vasitəsi ilə müzakirə edirik, öz təkliflərimizi veririk. Universitet rəhbərliyi arada bizimlə onlayn görüş təşkil edərək, çətinliklərimizin olub-olmaması ilə bağlı maraqlanır”, - deyə Ravid Tağıyev əlavə edib.

 

Soydaşımız Azərbaycana qayıtmaq istəmədiyini bildirib. Onun fikrincə, hazırkı şəraitdə Kőszeg şəhəri virusdan qorunmaq üçün ən təhlükəsiz yerlərdən biridir:

 

“Azərbaycana qayıtmaq fikrində deyiləm, çünki dərslərimiz davam edir, həm olduğumuz yerdə qalmaq daha məntiqlidir, həm də qaldığımız yer, həqiqətən, ən təhlükəsiz yerlərdən biridir. Səfirlik mövcud durumla bağlı mənimlə əlaqə saxlamayıb. Bu şəhərdə Azərbaycan vətəndaşı tək mənəm. Əksinə, bir neçə ay bundan qabaq bir sənədləşmə məsələsi ilə bağlı səfirliyə e-mail göndərmişdim. Bu günə qədər hələ də cavab ala bilməmişəm.

 

Macarıstanın digər şəhərlərində və paytaxtda yaşayan bəzi azərbaycanlı tanışlarım var. Paytaxtda yaşayanlar daha ciddi karantin rejimindədirlər və dərsləri onlayn şəkildə davam edir”.

 

Azərbaycanlı tələbə qeyd edib ki, Kőszeg şəhərində virusla əlaqədar insanlarda heç bir qorxu yoxdur, ancaq əhali qoyulan qadağalara əməl etməyə çalışır:

 

“Bizim şəhərdə vahimə çox bilinmir, ancaq insanlar, əsasən də ictimai yerlərdə və marketdə maska və əlcəklərdən istifadə edirlər. Bütün mağazalarda satıcı bölmələrində insanlardan təması azaltmaq üçün şəffaf qoruyucu lövhələr yerləşdirilib. İnsanlar bayırda qrup şəklində gəzmirlər. Hətta bir-birlərinə qarşı da diqqətlidirlər və sosial məsafəni qorumağa çalışırlar.

 

Yataqxanada bir yerdə qaldığımız 2 tələbə ilə meşə tərəfə hava almağa gedərkən hətta bir şəxs çox mülayim şəkildə bizi məlumatlandırmağa çalışdı ki, sosial məsafəni qorumağınız tövsiyə olunur. Lakin, biz bildirəndə ki, bir yerdə yaşayırıq, o zaman üzr istədi və çox pozitiv olmağından heç də pis niyyətlə demədiyi anlaşılırdı”.

 

Həmyerlimiz qürbət ölkədə karantin günlərini necə keçirməsindən də bəhs edib:

 

“Karantin günləri, əslində, çox zaman evdə olsaq da, boş vaxtımız az olur, çünki əvvəl də dediyim kimi, gündəlik oxumalı olduğumuz materiallar və yazılar olur. Araşdırmalarım üzərində işləyirəm. Meşəyə, dağlara, ümumiyyətlə, təbiətə yaxın olmağımızdan istifadə edib “hiking”-ə getməyi üstün tuturam. Həm təhlükəsizdir, demək olar ki, insanlarla rastlaşmırsan, həm də normal günlərimizdəki hərəkəti əvəz etmiş olur. Digər vaxtlarımda isə alman dilimi inkişaf etdirməyə çalışıram.

 

Yataqxanamız böyük deyil, ona görə də buradakı tələbələrlə bəzən film gecələri və ya axşam yeməkləri təşkil edirik. Yataqxanamızın idman meydançasında hər gün olmasa da, mütəmadi şəkildə qaçmağa çalışıram, çünki vaxtımızın çoxu hərəkətsizliklə keçir. Bundan başqa, yataqxanamızda 3-4 nəfərdən ibarət musiqi qrupumuz var. Mən gitarada ifa edə bildiyim üçün boş vaxtlarımızda musiqi ifa etməyə və videolar çəkməyə çalışırıq. Bu həm əyləncəlidir, həm də darıxmamağa bir az da olsa kömək edə bilir”.

 

Ravid Tağıyev tələbələrə evdə qaldığımız bu günləri daha faydalı keçirmək üçün öz tövsiyələrini də verib:

 

“Tələbələrə bu dönəmdə indiyə qədər ertələdikləri özünüinkişafa və ya digər səmərəli işlərə vaxt sərf etməklərini tövsiyə edərdim. Bilirəm, evdə qalmaq, içi mən qarışıq, bir çoxlarını tənbəlləşməyə vadar edə bilər, ancaq bunun qarşısını almaq üçün plan qurmaq olar. Gündəlik planlaşdırdığınız işlərə saatlar ayırmaq mümkündür. Plan qurmaq, hətta yazılı şəkildə o planı otağında saxlamaq və əməl etmək insanı çox məhsuldar edir. Əlbəttə ki, o planın işləməsi üçün insan da məqsədli şəkildə riayət etməlidir. Bu metoddan istifadə edərək, dərslərlə məşğul olmaq, həm özünü inkişaf etdirəcək məşğuliyyətləri etmək, həm də film, musiqi, əyləncə, “hiking” kimi işlərə də vaxt tapmaq olur”.