https://www.zirve.edu.az/
29.03.2020 12:26
"Bir neçə valideynin mobil nömrəsinə pul göndərdim ki.."-Gənc müəllim çətinliklərdən danışdı
Çap et

Mən artıq  bir neçə valideynin mobil nömrəsinə  kartla  pul göndərmişəm ki,  şagirdlər internet  götürüb onlayn dərslərə qoşulsunlar”. 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Ucar rayon  Ənvər Məmmədxanlı kənd məktəbinin ibtidai sinif müəllimi Səidə Quliyeva deyib.

 

O, onlayn dərslərin reallaşmasında əsas çətinlikləri qeyd edib.

 

“Onlayn dərslərə   əvvəlcə vatsapda başladıq, lakin effektiv deyildi. Ona görə indi Zoom proqramından istifadə  edirik. Bu proqrama isə qoşulmaq üçün şagirdlərin  interneti olmur. Kənd yerində çox evdə Wifi yoxdur. Ona görə uşaqların analarının nömrəsinə kart vasitəsilə pul ödəyirdim.

 

Təkcə  dərs keçdiyim ikinci sinif şagirdlərinə yox, respublikanın bütün kənd, şəhərlərindən olan məktəblilərin  bizə qoşulması üçün aksiya keçirdim.  Sosial şəbəkələrdə bu haqda elan da vermişdim. Düzü, əksəriyyəti internetdən şikayətçidir.  Həm sürəti çox zəifdir, həm də görüntülü olduğuna görə paket çox tez qutarir. İndi cəmi 10 uşaqla dərs keçirik. 

 

Görüntülü dərslərə qoşula bilməyən şagirdlərin valideynlərinə səsli izah şəklində dərsləri, tapşırıqları vatsapdan göndərirəm.   Amma yenə də internet çatdıra bilmirlər. Elə uşaq var, cəmi iki-üç gündən sonra dərsdən ayrılır.  20-30 manatlıq internet paketləri götürsələr də, kifayət etmədiyini deyirlər”.

 

S. Quliyeva gənc müəllimlərin sosial şəbəkələrdə başlatdığı “Biz bizlikdə güclüyük” həştəğini də vurğulayıb.

 

"Qeyd etdiyim bu problemləri həll etmək məqsədilə biz də gənc müəllimlər olaraq Azərcell, Bakcell, Nar mobil operatorlarına müraciət etdik. Bizə onlayn dərslərimizi keçməyimizdə köməklik etsinlər. Bir ay müddətində internet paketlərindən limit götürülsün,  şagirdlərin dərslərə qoşulma imkanları olsun.   Eyni zamanda digər internet ötürən şirkətlər sürəti artırsınlar. Çünki evində Wifi olan şagirdlər də internetə çox çətinliklə qoşula bilir”.