Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-05 12:10:00
"Qələbəm dünyada sensassiya idi, üzərinə kölgə salmaq istədilər" -Aydın Süleymanlı

 

“Bir çox insanlar bu qələbəmi inkar edərək, kompüterdən istifadə etdiyimi iddia etdilər”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında 249 nömrəli tam orta məktəbin şagirdi, yeniyetmə şahmatçılar arasında dünya çempionu  Aydın Süleymanlı deyib.

 

O, Moskvada keçirilən “Aeroflot open” şahmat festivalının A turnirində 9 turdan 6,5 xal toplayaraq növbəti parlaq qələbəyə imza atıb.

 

Aydın həmin qələbənin təfərrüatları haqqında AzEdu.az-a danışıb:   

 

“Yarışda  qarşılaşdığım rəqiblərimin hamısının reytinqi çox yüksək idi. Onlar  güclü və təcrübəli şahmatçılardılar.

 

Mənim bu oyunda birincilik qazanmağım şahmat dünyasında sensasiya ilə qarşılandı. Hətta bir çox insanlar bu qələbəmi inkar edərək, kompüterdən istifadə etdiyimi iddia etdilər. Onlar mənim kömək aldığımı söyləyərək qələbəmin üzərinə kölgə saldılar.  Lakin mən heç vaxt kompüterdən istifadə etməmişəm. Bu tip oyunlarda texnoloji alətlərdən istifadə qadağandır. Yarışa daxil olmamışdan əvvəl hər kəsi ciddi şəkildə yoxlayırlar. Əgər hər hansısa  fakt aşkarlansa, o şəxsi 2 il müddətində şahmatdan uzaqlaşdırırlar. Hətta bir nəfəri kompüterdən istifadə etdiyinə görə 2 illik həbs cəzasına məhkum ediblər. Lakin mən hər şeyi öz şəxsi iradəmlə etmişəm.  Düzü,  bu qələbəm mənim üçün  sürpriz oldu.  Yüksək bal toplayacağımı düşünürdüm, lakin  birinci olacağımı ağlıma gətirmirdim. Oyunun 7-ci turundan sonrakı qalibiyyətim məni  birinciliyə əmin etdi”.

 

Gənc şahmatçı gələcək hədəflərindən söz açıb:

 

“Mart ayının 14-ü keçiriləcək yarışa hazırlaşıram. Həmin oyunda Azərbaycanın ən güclü qrossmeyster və şahmatçıları iştirak edəcək. Bu mənim üçün çətin olacaq. Çünki güclü rəqiblərlə oynamaq hər zaman müşkül məsələ olub. Lakin mən əlimdən gələni edəcəyəm.

Ən böyük məqsədim dünya şöhrətli  qrasmestr olmaqdır.  Təhsillə bağlı elə böyük bir planım yoxdur. Azərbaycanda hər hansısa bir universiteti oxumaq istəyirəm. Əsasən, şahmata yönəlmək fikrindəyəm”.

 

Aydın şahmatın insan həyatında oynadığı roldan danışıb:

 

“Məktəblərdə fəaliyyət göstərən şahmat klubları şagirdlərə fərdi inkişaflarında böyük yardım göstərir. Hər kəsin  şahmatı bilməsi  çox yaxşı olardı. Bu insanın zehni baxımdan da biliklərini zənginləşdirir.

 

Həm məktəbdə, həm də klublarda fəaliyyət göstərən şahmat dərnəkləri arasında ciddi fərq görmürəm. Bu oyunla məşğul olan  uşaqların düşüncə tərzi ilə  məşğul olmayanlar arasında fərqlər mövcuddur. Şahmata getməyənlər başqa tərzdə düşünürlər və olanların intellekt səviyyələri bir qədər yüksək olur. Lakin bizim sinifimizdə  elə uşaqlar var ki, onların elmi bilikləri olduqca güclüdür”.

 

Qeyd edək ki, Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlıların yarışına ilk turlardan liderlik edən Aydın Süleymanlı sonuncu turda Qazaxıstan təmsilçisi Sultan Amanzolu məğlubiyyətə uğradaraq çempion tituluna sahib olub.

 

Altı yaşından şahmatla məşğul olan Aydın yeniyetmələr arasında ikiqat Avropa çempionudur. O, 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında birinci olub. Həmin ilin dekabrında şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutan A.Süleymanlı 2014-cü ilin noyabrında 10 yaşlı şahmatçılar arasında blits və rapid növləri üzrə Avropa çempionatında hər iki yarışın qalibi olub. İstedadlı şahmatçımız 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində 12 yaşlı oğlanlar arasında Avropa çempionatında da qalib gəlib.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları