https://www.zirve.edu.az/
25.02.2020 11:20
Yeni Peşə Təhsil Mərkəzi əlaqələrini genişləndirir

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Otokoç Azərbaycan” MMC və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) nümayəndələri ilə görüş keçirilib.

 Əməkdaşlığın qurulması məqsədilə keçirilən görüşdə Mərkəzin pedoqoji-mühəndis heyəti və tələbələri də iştirak edib.

 Görüş zamanı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov Mərkəz haqqında ətraflı məlumat verib, strateji inkişaf hədəflərindən danışıb. Rəşad Xanlarovun sözlərinə görə, Mərkəz istedadlıları aşkar etməyi, onların müvafiq sahədə inkişafına şərait yaratmağı, fərqli yaş qruplarından olan şəxslər üçün təhsil imkanları təqdim etməyi qarşısına məqsəd qoyub.

 Görüş iştirakçıları Mərkəzin cari standartlara tam cavab verən maddi-texniki bazası, təcrübəli və ixtisaslı kadrları ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Nümayəndə heyətinin üzvləri peşə təhsili müəssisəsinin infrastrukturu ilə yaxından tanış olub, mərkəzdə çalışan mütəxəssislər ilə gələcək perspektivlərə dair fikir mübadiləsi aparıb, emalatxanalarda və tədris-mühazirə otaqlarında gedən dərs prosesini izləyiblər.

 Bildirilib ki,  “Otokoç Azərbaycan” MMC ilə birgə fəaliyyət peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığı və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində müsbət nəticələr verəcək.