https://www.zirve.edu.az/
21.02.2020 12:41
Direktor və RTŞ müdirlərinə müraciət – “Bunu etmək barənizdə xoş fikirlərə səbəb olacaq”
Çap et

Direktor və RTŞ müdirlərinin neçə il eyni vəzifədə fəaliyyət göstərmələri, çalışmanın yaş həddinə nə dərəcədə əməl etmələri zaman – zaman müzakirə olunan mövzulardandır.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə şəxsi feysbuk hesabında bu məsələyə münasibət bildirib. O, RTŞ müdirləri və məktəb direktorlarına müraciət edərək xatırladıb ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışmanın yaş həddi 65-dir:

“Bu müddət mövcud meyarlar nəzərə alınmaqla sizin tərəfinizdən uzadıla və ya əmək müqaviləsi ləğv oluna bilər.

Qeyd olunan kontingentlə əmək münasibətlərinin tənzimlənməsi zamanı hüquqi prosedurların icrasını düzgün aparsaq da, bəzi hallarda başqa bir vacib məqam diqqətdən kənar qalır. Bir sıra hallarda unuduruq ki, bu həmin dəyərli insanlar üçün yalnız əmək müqaviləsinin ləğv olunması ilə nəticələnən hüquqi tənzimləmə deyil, həm də uzun illərini təlim-tərbiyəyə həsr etmiş insanların onlar üçün doğma olan məktəbdən, kollektivdən və şagirdlərdən qismən uzaqlaşması deməkdir.

Empatiya qurmağı bacarmaq bizləri daha anlayışlı, daha mehriban və uğurlu edəcək.

Əziz rəhbərlər, çalışmanın yaş həddinə çatmış müəllimlərimizin məktəbdən yola salınması prosesini üzücü prosedurdan xoş təəssüratlarla zəngin mütərəqqi ənənəyə çevirə bilərsiniz. İnanın ki, bu əməliniz dəyərli müəllimlərimiz üçün təskinliyə, rəhbərlərinizdə isə barənizdə xoş fikirlərə səbəb olacaq.

Xoş söz və gülər üz, bəzən, düşündüyümüzdən daha əhəmiyyətli ola bilər”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları